media-inshot_20260122_173603925

Son dövrlər aktual məsələlərdən biri də məktəblərdə psixoloq çatışmazlığı ilə bağlıdır. Bəzi hallarda yaranmış situasiya məktəblərdə psixoloqların sayının artırılmasını zəruri edir.

Bəs psixoloq çatışmazlığı hansı fəsadlara yol aça bilir? 

Mövzu ilə bağlı danışan təhsil eksperti Rizvan Fikrətoğlu Patrul.az-a açıqlamasında bildirib ki, məktəblərdə psixoloq çatışmazlığı bir çox ciddi sosial və psixoloji fəsadlara yol aça bilər:

“Şagirdlərdə olan narahatlıqların, depressiv vəziyyətlərin vaxtında aşkar edilməməsi, qapanıqlıq, özünə zərər vermə, bullinqə məruz qalmaq kimi davranış problemlərinin artması və s. hallar yaşana bilər.

Digər tərəfdən məktəbdə psixoloqların olmamasının təhsil prosesinə də təsiri var. Çünki motivasiyanın azalması, akademik uğursuzluq, dərslərə qarşı laqeydlik, diqqət dağınıqlığı və öyrənmə çətinliyi yaşayan uşaqların psixoloqların dəstəyinə ehtiyacı yaranır”.media-img-20260122-wa0032

Ekspertin sözlərinə görə, məsələnin sosial fəsadı isə müəllim-şagird-valideyn münasibətlərində yaranan ünsiyyət boşluğu, ailədə yaranan problemlərin məktəb mühitinə təsiri, erkən nikah və zərərli vərdişlər kimi riskli davranışlardır:

“Psixoloq çatışmazlığının məktəb mühitinə təsiri qaçılmazdır. Müəllimlərin üzərinə düşən psixoloji yükün artması, münaqişələrin peşəkar şəkildə həll edilməməsi, təhlükəsiz məktəb mühitinin formalaşmasında çətinlik bu fəsadlar arasındadır.

Ümumilikdə gənclərdə emosional intellekt zəif inkişaf edə, cəmiyyətdə psixoloji problemlərin kəskinliyi üzə çıxa, sosial adaptasiya çətinliyi yarana bilər.

Bütün bunlar onu göstərir ki, məktəbdə psixoloqların mövcudluğu yalnız problemin həlli baxımından deyil, profilaktik və inkişafedici rol da oynayır. Psixoloq çatışmazlığı həm şagirdin fərdi inkişafına, həm də ümumi təhsil sisteminə ciddi zərər vurur”.

“Məktəblərdə psixoloqlar kifayət qədər olarsa, uşaqlarda travma, depressiya, təşviş kimi hallar erkən mərhələdə aşkarlana, psixoloji problemlər dərinləşmədən vaxtında müdaxilə oluna və intihar risklərinin qarşısı alına bilər.

Psixoloqlar problemin həllindən daha çox, problemin yaranmaması üçün vacibdir”,- deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər