Məktəblərdə Süni İntellekt: Şagirdlər üçün Dəstək, Müəllimlər üçün Çağırış
Bildiyimiz kimi, kiçikdən böyüyə hər kəs işini asanlaşdırmaq üçün süni intellekt alətlərindən istifadə edir. Şagirdlər də öyrənmə prosesində ev tapşırıqlarını, layihələri və məlumat toplama işlərini süni intellektin köməyi ilə həyata keçirirlər. Lakin bu alətlərin istifadəsi həm faydalı ola bilər, həm də müəyyən risklər yarada bilər.
Bəs sizcə, süni intellekt şagirdlərin yaradıcı və tənqidi düşünmə qabiliyyətini gücləndirir, yoxsa əksinə, zəiflədir?
Bu barədə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Azərbaycan Respublikasının Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova Patrul.az-a açıqlamasında bildirib ki, süni intellekt öyrənməni asanlaşdırır, amma tənqidi düşünmə üçün onun düzgün istifadəsi vacibdir.
“Bugünkü məktəblərdə süni intellekt alətləri, məsələn, ChatGPT, Bard, Grammarly və hətta Sİ ilə dəstəklənən tədris platformaları şagirdlərin öyrənmə prosesinə çox fərqli şəkildə təsir göstərir. Onlardan istifadə edərək şagirdlər esse və təqdimat hazırlaya, çətin mövzuları sadələşdirilmiş formada anlaya, test və quizlərdə dərhal əks-əlaqə ala bilirlər.
Bu həm də müəllimlər üçün böyük dəstəkdir. Dərs planlarını hazırlamaq, suallar tərtib etmək və şagirdlərin nəticələrini təhlil etmək daha rahat olur. Əlbəttə, hər şeyin üstünlükləri olduğu kimi, çətinlikləri də var. Məsələn, əgər şagird süni intellektdən aldığı cavabları sorğulamadan istifadə edərsə, tənqidi və yaradıcı düşünmə qabiliyyəti inkişaf etməyə bilər. Müəllim üçün isə süni intellektin təqdim etdiyi məlumatın düzgünlüyünü yoxlamaq və şagirdləri passiv öyrənməyə alışdırmamaq vacibdir.”
Pərvinə Qədimova əlavə edib ki, düzgün istifadə edildikdə süni intellekt şagirdlərin öyrənməsini dəstəkləyir, lakin müəllimin rəhbərliyi mütləqdir.
“Buna baxmayaraq, düzgün istiqamətləndirildikdə süni intellekt şagirdlər üçün çox faydalıdır. Onlar fərdi sürətlə öyrənir, problem həll etmə bacarıqlarını inkişaf etdirir və yaradıcı düşüncələrini stimullaşdırırlar. Sadəcə unutmayaq ki, süni intellekt şagirdin əvəzinə düşünmür, onu dəstəkləyir. Əsas məsələ müəllimin roludur: şagirdləri yönləndirmək və onların süni intellektdən düzgün şəkildə faydalanmasını təmin etmək.”
Cəmilə Cəfərzadə






