media-inshot_20260306_165822669

Müasir dövrdə texnologiya sürətlə inkişaf edir və bu inkişaf həyatımızın demək olar ki, bütün sahələrinə təsir göstərir. Şübhəsiz ki, texnologiyanın çoxsaylı üstünlükləri var. Lakin bu gün həyatımızın ayrılmaz hissəsinə çevrilən mobil telefonlar bəzi hallarda gələcəyimiz olan uşaqlar üçün ciddi problemlər yaradır.

Xüsusilə məktəblilər arasında smartfonlardan həddindən artıq istifadə artıq narahatlıq doğuran məsələyə çevrilib. Dərs zamanı şagirdlərin telefonla məşğul olması onların diqqətini yayındırır, fikirlərini dərsə cəmləşdirməsinə mane olur və nəticədə tədris prosesinin keyfiyyətinə mənfi təsir göstərir. Bununla yanaşı, mobil telefon və müxtəlif oyunlara aludəçilik uşaqların psixoloji durumuna da mənfi təsir edir. Bu asılılıq bəzi hallarda aqressiya, əsəbilik, diqqət dağınıqlığı, hətta depressiv halların yaranmasına səbəb ola bilir.

Bir çox valideyn düşünür ki, övladının mobil telefona sahib olmasının əsas üstünlüyü onunla əlaqə saxlamaqdır. Əslində isə bunun üçün müasir və bahalı smartfonlara ehtiyac yoxdur. Valideynlər övladları ilə əlaqə saxlamaq üçün sadə funksiyalı telefonlardan da istifadə edə bilərlər.

Təəssüf ki, bəzən valideynlər övladlarını sevindirmək məqsədilə onlara ən bahalı telefonları alırlar. Halbuki bu addım bəzən uşaqları dərsdən uzaqlaşdırır və texnologiyadan asılılığın yaranmasına səbəb olur. Xüsusilə yuxarı siniflərdə – 9, 10 və 11-ci siniflərdə oxuyan şagirdlər valideynlərindən smartfon tələb edə bilərlər. Belə hallarda məsuliyyətin bir hissəsi də məktəblərin üzərinə düşür.

Məktəblərdə mobil telefon istifadəsinin müəyyən qaydalarla tənzimlənməsi daha düzgün yanaşma olardı. Məsələn, məktəblərdə telefonların saxlanılması üçün xüsusi dolabların quraşdırılması yaxşı bir həll yolu kimi görünür. Bu halda şagirdlər məktəbə daxil olarkən smartfonlarını həmin dolablara yerləşdirər, dərs bitdikdən sonra isə geri götürərlər. Belə bir qayda dərs prosesinin daha səmərəli və diqqətli şəkildə aparılmasına kömək edə bilər.

Digər tərəfdən, bəzi şagirdlərin telefonlara müxtəlif proqramlar yükləyərək dərs zamanı müəllimdən gizli şəkildə istifadə etməsi də artıq məlum məsələdir. Hətta elə hallar olur ki, şagirdlər “suflyor” tipli proqramlardan istifadə edərək mövzunu telefon vasitəsilə oxuyur və guya öz bilikləri ilə danışırmış kimi təqdim edirlər. Bu isə təhsilin əsas məqsədinə – bilik əldə etməyə zidd bir davranışdır.

Məhz buna görə də məktəblərdə smartfon istifadəsi məsələsinə daha ciddi yanaşmaq vacibdir. Şagirdlər arasında smartfon aludəçiliyinin qarşısı vaxtında alınmasa, bu, gələcəkdə daha böyük problemlərə yol aça bilər.

Artıq bu mövzu ilə bağlı həyəcan təbili çalmağın vaxtı çatıb. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, eləcə də təhsil sahəsinə cavabdeh olan digər qurumlar bu məsələ üzərində ciddi düşünməli və zəruri addımlar atmalıdırlar. Çünki övladlarımız bizim gələcəyimizdir, gələcəyimizi qorumaq isə hər birimizin borcudur.

Aynur Nadirqızı Patrul.az


Bənzər xəbərlər