media-photo-output

Son illərdə sosial media sahəsi, xüsusilə gənclər arasında xeyli populyarlaşıb. Bir çox insan çəkiliş və kontent yaratmaq bacarığını nümayiş etdirərək özünü SMM mütəxəssisi adlandırır. Sosial media platformalarında aktiv olmaq və maraqlı paylaşımlar etmək demək olar ki, hər kəsin bacardığı işdir. Məhz buna görə də bu sahəyə yönələnlərin sayı sürətlə artır. Lakin görünən odur ki, təkcə kontent yaratmaq bacarığı peşəkar SMM fəaliyyəti üçün kifayət etmir.

Bəs hər çəkiliş bacarığı olan şəxs SMM mütəxəssisi sayıla bilərmi, yoxsa peşəkar SMM fəaliyyəti üçün əlavə bilik və bacarıqlar mütləqdirmi?

Bu barədə SMM və süni intellekt üzrə mütəxəssis Abdulla Abdullayev Patrul.az-a açıqlamasında bildirib ki, hər kontent hazırlaya bilən şəxs SMM sayılmır. Onun sözlərinə görə, əsas bacarıq marketinq prinsiplərini bilmək, strategiya qurmaq və hədəf kütləni düzgün analiz etməkdir:

“Kontent hazırlamaq bacarığı olan hər kəs SMM, yəni sosial media marketoloqu sayıla bilməz. Günümüzdə bir çox insan kontent hazırlaya bilir. Hətta deyərdim ki, SMM mütəxəssisinin mütləq şəkildə kontent hazırlama bacarığının olması da şərt deyil. Sosial media marketinqi ilə məşğul olan şəxs ilk növbədə marketinqin təməl prinsiplərini, sosial media platformalarının alqoritmlərinin iş prinsiplərini, strategiya hazırlamağı, hədəf kütləni müəyyənləşdirməyi və onu analiz etməyi bacarmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər