media-inshot_20260106_004702421

Nyu-York şəhərində məhkəmə qarşısına çıxarılan Venesuelanın Prezidenti Nikolas Maduro özünü irəli sürülən ittihamlarda günahkar hesab etmədiyini bildirib.

Patrul.az xəbər verir ki, məhkəmə iclası zamanı hakim Alvin K. Hellerstein-ə müraciət edən Maduro tərcüməçi vasitəsilə ispan dilində çıxış edərək özünü “hərbi əsir” adlandırıb və ittiham olunduğu cinayətlər üzrə günahsız olduğunu bildirib.

“Mən Venesuelanın prezidentiyəm və özümü müharibə əsiri hesab edirəm. Karakasdakı evimdə əsir götürülmüşəm”, – deyə Nikolas Maduro məhkəmədəki çıxışı zamanı vurğulayıb.

O, əlavə edib ki, hələ də Venesuelanın legitim prezidenti olaraq qalır və irəli sürülən ittihamların heç bir hüquqi əsası yoxdur:

“Mən günahkar deyiləm, tamamilə günahsızam. Mən layiqli insanam və ölkəmin prezidentiyəm”.

Məlumata görə, BMT Təhlükəsizlik Şurası ABŞ-nin Venesuelaya qarşı həyata keçirdiyi əməliyyatla bağlı məsələni yaxın günlərdə müzakirəyə çıxarmağı planlaşdırır.

Federal prokurorlar tərəfindən hazırlanan ittiham aktında isə bildirilir ki, Venesuelanın ali siyasi rəhbərliyi uzun illər ərzində dövlət institutlarından sui-istifadə edərək onları sistemli şəkildə korrupsiyaya cəlb edib və nəticədə ABŞ ərazisinə iri həcmdə narkotik maddələrin daşınmasına şərait yaradıb. İttiham sənədində Nikolas Maduronun bu proseslərin mərkəzində dayandığı və qanunsuz səlahiyyətlərindən istifadə edərək minlərlə ton kokainin ABŞ-a çatdırılmasında digər şəxslərlə əməkdaşlıq etdiyi iddia olunur.

Qeyd edək ki, Nikolas Maduro ABŞ-də narko-terrorizm məqsədilə sui-qəsd, kokain idxalı ilə bağlı sui-qəsd, eləcə də avtomatik silah və dağıdıcı qurğuların saxlanması kimi ağır ittihamlarla üzləşir. O, 2013-cü ildə prezident seçilsə də, sonrakı seçkilər beynəlxalq ictimaiyyət tərəfindən ciddi mübahisələrlə qarşılanıb.

Xatırladaq ki, 2026-cı il yanvarın 3-nə keçən gecə Maduro həyat yoldaşı ilə birlikdə Karakasdakı iqamətgahında ABŞ xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılaraq Nyu-Yorka aparılıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər