media-inshot_20250912_130907460

Sosial medianın gündəm olan ABŞ-də metroda ukraynalı 23 yaşlı İrina Zarutskanı qətlə yetirən 34 yaşlı Dekarlos Braun adlı şəxsin verdiyi şokedici ifadələr ortaya çıxıb.

Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, dəhşətli hadisə avqustun 22-də Şimali Karolina ştatının Şarlotta şəhərindəki metroda baş verib.

Belə ki, İrina Zarutska pizza restoranındakı işindən metro ilə evinə qayıdarkən hücuma məruz qalıb. Yayılan görüntülərdə metroya daxil olan Ukrayna vətəndaşı İrina Zarutskanın ön stolda oturduğu, bir qədər sonra isə Dekarlos Braun tərəfindən arxadan bıçaqlanaraq hücuma məruz qaldığı əks olunub.

Boğazından 3 bıçaq zərbəsi alan İrina şok vəziyyətində ətrafa və özünə baxıb. Bu zaman baş vermiş hadisəyə qatarda olan sərnişinlərin heç biri reaksiya verməyib. Qatil isə sakit şəkildə ayaqüstə dayanaraq heç nə olmamış kimi davranıb.

Görüntülərdə qızın aldığı xəsarətlərdən bir neçə saniyə sonra dünyasını dəyişdiyi əks olunub. Hadisədən iki dəqiqə sonra isə qatil Braun qatardan düşüb. Daha sonra o polislər tərəfindən saxlanılıb.

Qatil saxlanıldıqdan sonra bacısına törətdiyi cinayətlə bağlı şokedici sözlər deyib. Son həbsindən altı gün sonra telefon danışığında Braun hökumətin onun beyninə yad “materiallar” yerləşdirdiyini iddia edib. O, hücum zamanı hərəkətlərinə kənardan nəzarət olunduğunu bildirib:

“Əlimi incitdim, onu bıçaqladım. Xanımı tanımıram, onunla bir kəlmə də danışmamışam. Bu qorxuludur, elə deyilmi? Niyə kimsə səbəbsiz yerə kimisə bıçaqlasın?” – deyə qatil bildirib.

Öldürülən gənc qızın bibisi isə açıqlamasında, ailənin 2022-ci ildə Ukraynadakı müharibədən qaçaraq Amerikaya sığınmaq üçün gəldiyini deyib:

“Mənə elə gəlir ki, insanlar bizim yaşadıqlarımızı təsəvvür edə bilmirlər. Ailə artıq üç ildir inanılmaz ağrı içində yaşayır. Bu kədərlə barışmaq üçün zaman və məkan lazımdır. Mənim sözüm yoxdur”.

Dəhşətli görüntülər ABŞ ictimaiyyəti ilə yanaşı, bütün sosial media istifadəçiləri tərəfindən böyük qəzəb və nifrətlə qarşılanıb.

ABŞ Prezident Donald Tramp da qatili “heyvan” adlandıraraq, ölüm cəzasına layiq olduğunu bildirib:

“Ukraynadan Amerikaya sülh və əmin-amanlıq dalınca gələn gözəl gənc xanımı belə zorakılıqla öldürən “heyvan” tez mühakimə olunmalı və yalnız “ölüm cəzası” ilə cəzalandırılmalıdır. Başqa variant ola bilməz!!!”.

Qeyd edək ki, Braun 2014-cü ildə silahlı quldurluqda təqsirli bilinərək 6 il həbs cəzası çəkib. O, dəfələrlə müxtəlif cinayətlər – silahlı soyğunçuluq, oğurluq, qapı sındırma, hücum və 911 xidmətindən sui-istifadəyə görə məhkum olunub. Onun ruhi xəstə olması ilə bağlı da iddialar var.

Hazırda məhkəmə qərarı ilə Braunun 60 gün yerli xəstəxanada müayinə oluncağı bildirib. O, Şimali Karolina əyalət məhkəməsində birinci dərəcəli qətldə, Federal məhkəmədə isə kütləvi nəqliyyat sistemində ölümə səbəb olmaqda ittiham olunur.

İstintaq davam edir.


Bənzər xəbərlər