media-inshot_20260416_191704811

Türkiyənin paytaxtı Ankara şəhərində başlayan etiraz aksiyaları hələ də davam edir.

Patrul.az sosial mediada yayılan görüntülərə əsasən xəbər verir ki, bu etirazlara ölkənin müxtəlif bölgələrində, xüsusən də Şanlıurfa və Kahramanmaraşdakı məktəblərdə ölümlə nəticələnən silahlı insidentlər səbəb olub.

Təhsil işçilərinin iştirak etdiyi aksiyalarda xüsusilə müəllimlər fəallıq göstəriblər.

Milli Təhsil Nazirliyinin (MEB) qarşısında toplanmağa çalışan nümayişçilərin qarşısını kəsmək və təhlükəsizlik tədbirlərini təmin etmək məqsədilə polis tərəfindən barikadalar qurulub.

Barikadaların qarşısında toplaşan nümayişçilər “Barikadanı açın!” və “Barikadanı dağıdın, hücum edin!” şüarları ilə polis baryerinin qaldırılmasını tələb edirlər.

Aksiyada qanı simvolizə edən ağ xalat geyinmiş bir neçə müəllim əllərində “Mənim peşəm qanla ləkələnib!”, “Əgər müəllimlər təhlükəsiz deyilsə, gələcək də təhlükəsiz deyil!”, “Təhsildə zorakılıq ümidləri söndürür” və s. kimi yazılı plakatlarla etiraz ediblər.

Etirazçılar hakimiyyəti də sərt şəkildə tənqid edərək “Uşaqlar ölərkən harada idiniz?” və “Polis, təəccüblənməyin, səbrimizi çox sınamayın!” kimi şüarlar səsləndiriblər.

Aksiyalar zamanı müəllimlər və həmkarlar ittifaqlarının əsas tələbləri məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması və daimi mühafizəçilərin işə götürülməsi olub. Həmçinin bir çox etirazçı təhsil naziri Yusuf Tekinin istefasını istəyib.

Bundan sonra Türkiyə Ədliyyə Nazirliyi sosial mediada hadisə görüntülərinin paylaşılmasına qadağa qoyub və dezinformasiya yayan 160-dan çox şəxs saxlanılıb.

Baş verənlərə reaksiya verən Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan isə hadisələrin bütün tərəfləri ilə araşdırılacağını bildirib.

Qeyd edək ki, aksiyalar artıq 2 gündür davam edir.

Xatırladaq ki, aprel ayının ortalarında Türkiyədə iki gün ərzində iki böyük məktəb atışması baş verib. Birinci hadisə – Şanlıurfanın Siverek rayonunda baş verib. Belə ki, keçmiş şagird məktəbə silahlı hücum edərək 16 nəfəri yaralayıb.

Ertəsi gün isə Kahramanmaraşda 14 yaşlı şagirdin açdığı atəş nəticəsində 9 nəfər (8 uşaq və 1 müəllim) həyatını itirib, 20 nəfər isə yaralanıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər