media-inshot_20250729_174349908

Son illərdə dünya üzrə meşə yanğınlarının sayı kəskin şəkildə artıb. İqlim dəyişikliyi, antropogen təsirlər və səhlənkarlıq nəticəsində baş verən bu yanğınlar ekosistemlər üçün ciddi təhlükəyə çevrilib. Artıq yanğın fəlakətləri coğrafi sərhəd tanımır. Cənubi Avropa, Amerika, Avstraliya və Asiya ilə yanaşı, Cənubi Qafqaz da alovlara bürünüb.

Bu günlərdə Qarabağın Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında çətin relyefə malik dağlıq və meşəlik ərazilərində baş verən yanğınlar ciddi çətinliklər yaratdı. Həmin ərazilərdə yanğının söndürülməsi üçün FHN-nin və digər qurumların böyük səylərinə baxmayaraq, proses günlərlə davam etdi.

Qardaş Türkiyədə isə vəziyyət daha ağırdır. Bu gün Bolu vilayətində magistral yolun kənarına atılan siqaret kötüyü genişmiqyaslı yanğına səbəb olub. Artıq bir aydır ki, ölkənin müxtəlif bölgələrində meşə yanğınları nəzarətə alınmağa çalışılır.

Bəs meşə yanğınlarının əsas səbəbləri nədir? İnsan faktoru nə qədər məsuliyyət daşıyır?

Məsələ barəsində Patrulaz.az-a açıqlama verən Təhlükəsizlik eksperti Elmar Nurəliyevin fikrincə, meşə yanğınlarının çoxu insanın birbaşa və ya dolayı fəaliyyəti ilə bağlıdır. Onun sözlərinə görə, bir şüşə qırıntısı belə günəş şüalarının təsiri ilə böyük yanğınlara səbəb ola bilər:

“Meşə yanğınlarının baş verməsində insan amili böyük rol oynayır. Yəni, insan fəaliyyəti nəticəsində yanğın təhlükəsizlik qaydaları pozulur və nəticədə genişmiqyaslı meşə yanğınları baş verir. Buna görə də, xüsusilə isti və quraq keçən  yay aylarında yanğın təhlükəsizlik qaydalarına riayət etmək lazımdır.

Meşəlik ərazilərdə turist də, orada yaşayan sakinlər də bu təhlükəsizlik qaydalarına riayət etməlidir. Söndürülməmiş siqaret kötüyündən belə ciddi yanğınlar yarana bilir. Və yaxud da piknik zamanı açıq otun üzərində oddan istifadə olunarsa, bu zaman onun tam söndürülmədən ərazinin tərk edilməsi də yanğınla nəticələnə bilər”.

E. Nurəliyev, xüsusilə yay aylarında, mürəkkəb relyefə malik ərazilərdə insanları diqqətli olmağa və bir sıra yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır:

“Nəzərə almaq lazımdır ki, meşəlik ərazilərdə, o cümlədən çətin relyef şəraitində baş verən yanğın əlverişsiz havada qısa zamanda geniş yayıla bilir. Bu da yanğınsöndürənlərin işini daha da çətinləşdirir.

Məhz buna görə də, bütün sadaladıqlarıma insanlar diqqət yetirməlidir. Meşəlik ərazilərini natəmiz saxlamaq olmaz. Bəzən bu bölgələrdə olan şüşə qırıqları Günəş şüalarının davamlı təsiri və altında olan ot örtüyünün də qızması böyük yanğınların baş verməsinə səbəb olur. Ona görə də mütləq meşəlik ərazilərdə açıq otdan istifadə edilməməli və həmin bölgələr təmiz saxlanılmalıdır. Söndürülməmiş siqaret kötüyünü yerə atmaq olmaz. Odun tam söndürülməsinə nəzarət etdikdən sonra ərazi tərk edilməlidir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər