Məşhur fenomenin estetik əməliyyat zamanı ürəyi dayandı
Braziliyanın San-Paulu şəhərində estetik əməliyyat zamanı məşhur “İnstagram” fenomeni və iş xanımı Nataliya Kavanellas Tomazella dünyasını dəyişib.
Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı Nataliya eyni vaxtda liposaksiya (yağın çıxarılması), qalça dolğusu və sinə implantlarının yenilənməsi əməliyyatı üçün cərrahi müdaxiləyə girib. Əməliyyatın son mərhələsində – qalçasına yağ yeridildiyi zaman qəfil ürək tutması keçirib. Həkimlər dərhal müdaxilə etsələr də, onu xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı polis araşdırma aparır və ölümün “şübhəli hal” kimi qeydə alındığını bildirib. Cərrahın vəkilləri ilkin ehtimala əsasən, ölüm səbəbinin “pulmonar emboliya” – yəni yağ hissəciklərinin qan damarlarını tıxaması ola biləcəyini deyiblər. Bu, tibb ədəbiyyatında nadir hallarda rast gəlinən, lakin ciddi fəsad hesab olunan haldır. Qəti ölüm səbəbi isə yalnız məhkəmə-tibbi ekspertizadan sonra dəqiqləşəcək.
Nataliyanın ailəsi onun heç bir sağlamlıq probleminin olmadığını və daha əvvəl keçirdiyi estetik əməliyyatlarda da heç bir narahatlıq yaşamadığını bildirib.
Nataliya bir PR agentliyinin qurucusu və uğurlu iş qadını idi. O, bu ilin mart ayında San-Paulu Bələdiyyəsi tərəfindən “ilin ən uğurlu qadın sahibkarlarından biri” kimi təltif olunmuşdu. Eyni zamanda, 100 minə yaxın izləyicisi olan aktiv sosial media istifadəçisi idi.
Ləman Sərraf






