media-e81b7751-21c4-4810-adde-38b8cb14df02

“Yekaterenbruqda baş verən hadisələrin ardınca Rusiyada yaşayan soydaşlarımıza qarşı artan diskriminasiya halları hər birimizdə ciddi narahatlıq doğurur. Sistemli və bir mərkəzdən idarə olunan proseslərlə iki xalq arasında olan münasibətlərə nifaq toxumları səpmək mənfi tendensiyaların inkişafına zəmin yaradır. Rusiyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimiz bu ölkənin iqtisadiyyatına, mədəniyyətinə və ictimai həyatına ciddi töhfələr verirlər. Lakin bütün bunlara baxmayaraq onların hüquqlarının pozulması, etnik və dini mənsubiyyətlərinə görə təzyiqlərə, ayrı-seçkiliyə məruz qalmaları qəbuledilməzdir. Saxlanılma və yoxlamalar zamanı hüquqi statusu tam olan şəxslərin belə diskriminasiya hallarına, qeyri-insani rəftara məruz qalması proseslərin planlı surətdə icra olunduğunu bir daha təsdiq edir”.

Bu sözləri Patrulaz.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı söyləyib.

Deputat bildirib ki, Azərbaycan hər zaman Rusiya ilə mehriban qonşuluq münasibətlərinə sadiq qalıb və siyasi-iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verib:

media-img-20250701-wa0009

“Bunu ölkəmizdə fəaliyyət göstərən rus dilli məktəbləri və dövlət səviyyəsinə keçirilən mədəni tədbirləri göstərmək olar. Lakin biz qarşı tərəfdən eyni rasional yanaşmanı müşahidə etmirik. Əksinə artan anti-Azərbaycan ritorikası ilə qarşı-qarşıyayıq. Təəssüf ki, beynəlxalq təşkilatlar və insan haqları qurumları Rusiyada yaşanan hadisələrə lazımı səviyyədə hüquqi qiymət vermir. Bu isə öz növbəsində Kremli daha böyük təzyiqlər həyata keçirməyə stimullaşdırır.

Təbii ki, rəsmi Bakı dünyanın hansı bölgəsində yaşamasından aslı olmayaraq hər bir soydaşımızın hüquqlarını müdafiə edir və bu istiqamətdə hər zaman prinsipial mövqe sərgiləyir. Bu məsələdə də, istər dövlət olaraq, istərsə də cəmiyyət olaraq öz qəti və haqlı tələblərimizi bildirir və mübarizəmizdə sonadək qətiyyətliyik”.

Ləman Sərraf


Bənzər xəbərlər