Bəhruz Məhərrəmov: "Mixail Şvıdkoyun bəyanatı heç bir real əsasa söykənməyən şovinist təfəkkürün məhsuludur"
“Rusiya Prezidentinin nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsinin ölkəmizin mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırmasına dair bəyanatı heç bir real əsasa söykənməyən şovinist təfəkkürün məhsuludur və qəbuledilməzdir”.
Bu fikirləri Patrulaz.az-a Rusiya Prezidentinin nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi barədə fikirlərini şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib.
“Sirr deyil ki, istər çar Rusiyası, istərsə də Sovetlər Birliyi dönəmində şimal qonşumuzun elmi-mədəni mühitinin Azərbaycana bu və ya digər formada təsiri olub və ötən dövr ərzində ölkəmiz Rusiya ilə mədəni-humanitar sahədə əməkdaşlığa böyük önəm verib. Lakin bütün bunlar heç kimə, o cümlədən heç bir Rusiya rəsmisinə bu ölkənin tədbirləri olmadan Azərbaycan mədəni mühitinin mənzərəsinin yoxsul qalacağı barədə yanlış təsəvvür yaratması üçün əsas ola bilməz. Əksinə Azərbaycanda bir çox sahələr, o cümlədən elmi, mədəni, incəsənət və ədəbi istiqamətlərin tarixi Rusiya dövlətinin özünün tarixindən çox daha qədimdir”, – deyə o əlavə edib.
Bəhruz Məhərrəmovun sözlərinə görə, indiki məqamda Şvıdkoy və digər Rusiya rəsmiləri, yaxşı olar ki, bu kimi şovinist, qızışdırıcı və faydasız bəyanatlardan çəkinərək ölkələrimiz arasında müşahidə olunan və hər kəsdən öncə Moskvanın özünün Qafqazda maraqlarını zərbə olan arzuolunmaz situasiyanın dinc yolla aradan qaldırılmasına diqqət yetirsinlər.
Ləman Sərraf