media-photo-output

“Hazırda Elm və Təhsil Nazirliyi, eyni zamanda Milli Məclisin Elm və Təhsil Komitəsi tərəfindən müəllimlərin vahid iş qrafikinə keçirilməsi məsələsi gündəmə gətirilib. Bu qərar təxminən 20 000 müəllimi əhatə edəcək və proses iki mərhələdə həyata keçiriləcək”.

Bu sözləri təhsil eksperti Elçin Əfəndi Patrul.az-a açıqlamasında, Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda parlamentin komitə iclasında müəllimlərin iş qrafiki ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, müəllimlərin vahid iş qrafikinə keçməsi bir sıra müsbət nəticələr vəd edir:

“Belə ki, müəllimlər faktiki dərs saatlarından əlavə məktəbdə qalaraq günün ikinci yarısında növbəti dərs günlərinin planlaşdırılması, valideynlərlə görüşlər, zəif nəticə göstərən şagirdlərlə əlavə məşğələlər və digər pedaqoji fəaliyyətlərlə məşğul ola biləcəklər. Bu isə ümumilikdə tədrisin keyfiyyətinə, müəllimlərin peşəkar fəaliyyətinə və şagirdlərin akademik göstəricilərinə müsbət təsir göstərəcək. Həmçinin, müəllimlərin dövriyyə haqqı ən azı ikiqat artacaq”.

Ekspertin sözlərinə görə, bununla yanaşı, bu keçidin çətin tərəfləri də mövcuddur:

“İlk növbədə, məktəblərdə müəllimlər üçün dərs otaqlarından əlavə iş otaqları yaradılmalıdır. Günün ikinci yarısında məktəbdə qalan müəllimlərin naharla təmin olunması zəruridir və bu, dövlət büdcəsi hesabına qarşılanmalıdır. Bundan əlavə, müəllimlərin fərdi kompüter və printerlərlə təmin edilməsi də vacibdir ki, onlar tədris planlarını və digər işlərini rahatlıqla yerinə yetirə bilsinlər. Eyni zamanda nəzərə alınmalıdır ki, bəzi müəllimlər fərqli ünvanlarda dərs deyirlər və onların tam ştatla işləməsi üçün yaşadıqları ünvana yaxın məktəblərdə təyinat almaları daha məqsədəuyğun olar. Əks halda, uzaq məsafədən hər gün gəlib-getmək onlar üçün çətinlik yarada bilər”.

Ekspert əlavə edib:

“Qeyd edim ki, bu qərar ilk dəfə 2022-ci ildə gündəmə gətirilib və növbəti illərdə tətbiqinin genişləndirilməsi planlaşdırılır. Gözlənilir ki, bu sistemin tətbiqi həm şagirdlərin təhsil keyfiyyətinə, həm də müəllimlərin iş şəraiti və motivasiyasının yüksəldilməsinə əhəmiyyətli töhfə verəcək”.

Ləman Sərraf


Bənzər xəbərlər