media-inshot_20251230_221248361

Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik layihəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqə yolu ilə həyata keçiriləcək və bu proses ödənişli olacaq.

Müəllimlərin işə qəbul müsabiqəsinin ödənişli olması hansı səbəblərdən zəruri sayılır və bu addım namizədlər üçün nə dərəcədə ədalətlidir?

Bu barədə təhsil mütəxəssisi Vaqif Fətullayev Patrul.az-a açıqlamasında bildirib ki, MİQ müsabiqəsinin ödənişli olması namizədlərin məsuliyyətini artırmaq və real iştirakçıları seçmək məqsədini güdür:

“Hesab edirəm ki, Milli Məclisdə müzakirəyə çıxarılan və “Ümumi təhsil haqqında” qanuna təklif edilən bu dəyişiklik müəllimlərin işə qəbulu (MİQ) mexanizminin daha məsuliyyətli və məqsədyönlü şəkildə təşkilinə xidmət edən addım kimi dəyərləndirilə bilər. MİQ müsabiqəsində iştirakın ödənişli olması, ilk növbədə, prosesə formal və təsadüfi yanaşmaların qarşısını almağa, real niyyəti və hazırlığı olan namizədlərin iştirakını stimullaşdırmağa yönəlib. Bu yanaşma beynəlxalq təcrübədə də rast gəlinən bir mexanizmdir və müsabiqə iştirakçılarının şəxsi məsuliyyət hissini artırmaq baxımından məntiqli hesab edilə bilər. Eyni zamanda, dövlət büdcəsinə düşən maliyyə yükünün müəyyən qədər azaldılması və vəsaitlərdən daha səmərəli istifadə edilməsi baxımından da bu dəyişiklik əsaslandırılmış görünür”.

media-img-20251230-wa0074

Ekspertin sözlərinə görə, sosial həssas qrupların ödənişdən azad edilməsi təhsildə bərabər imkanları qoruyaraq MİQ prosesinin keyfiyyət və məsuliyyətini artırır:

“Xüsusilə vurğulanmalıdır ki, layihədə sosial həssas qrupların maraqları nəzərə alınıb. İlk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailələrinin üzvləri və müharibə veteranlarının bu ödənişdən azad edilməsi sosial ədalət prinsipinin qorunmasına xidmət edir və dövlətin həssas kateqoriyalara olan dəstəyinin davam etdiyini göstərir. Ümumilikdə, təklif olunan dəyişiklik düzgün icra və şəffaf mexanizmlərlə müşayiət olunduğu təqdirdə, müəllimlərin işə qəbulu prosesinin keyfiyyətinin yüksəlməsinə, resurslardan daha səmərəli istifadəyə və peşəkar seçim mühitinin formalaşmasına müsbət təsir göstərə bilər. Əsas məqam ondan ibarətdir ki, bu addım təhsildə bərabər imkanlar prinsipini pozmadan, keyfiyyət və məsuliyyət meyarlarını ön plana çıxarsın”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər