media-inshot_20260109_174440682

ABŞ-nin Pensilvaniya ştatında 34 yaşlı kişinin evindən və anbarından 100-dən çox insan kəlləsi aşkarlanıb.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Conatan Gerlax adlı şəxs insan sümüklərini qəbirstanlıqlardan və tarixi məqbərələrdən toplamaqda şübhəli bilinir.

Məlumata görə, hadisə qəbirstanlıqlara nəzarət edən əməkdaşların şübhəli halları aşkar etməsindən sonra üzə çıxıb. Aparılan araşdırmalar nəticəsində Gerlax Filadelfiya yaxınlığında yerləşən Moriah Maunt Qəbiristanlığı ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.

İstintaq zamanı onun tarixi məzarlara və məqbərələrə daxil olaraq təxminən 30 dəst insan qalığını qanunsuz şəkildə götürdüyü müəyyən edilib. Şübhəli şəxs bu faktları etiraf edib.

Axtarış tədbirləri çərçivəsində Gerlaxın evində və anbarında 100-dən çox insan kəlləsi, uzun sümüklər, mumiyalanmış əl və ayaqlar, çürümüş bədən hissələri və müxtəlif skelet qalıqları aşkar olunub. Hüquq-mühafizə orqanları tapılan qalıqların müxtəlif vəziyyətlərdə saxlanıldığını, bəzilərinin yüz illərlə yaşı ola biləcəyini bildiriblər.

Bundan əlavə, şübhəlinin üzərində aparılan baxış zamanı iki azyaşlı uşağa aid olduğu ehtimal edilən mumiyalanmış qalıqlar, üç kəllə və digər insan sümükləri tapılıb.

Rəsmi məlumatlara əsasən, Gerlax insan qalıqlarını əldə etmək məqsədilə məqbərələrə və yeraltı dəfn otaqlarına zərər vuraraq daş hörgüləri dağıdıb. Ondan həmin ərazilərdən götürüldüyü ehtimal edilən qiymətli zinət əşyaları da aşkar edilib.

Prokurorluq tərəfindən onun barəsində əmlak oğurluğu, məzarlıqlarda dəfn edilmiş cəsədlərin təhqir olunması, eləcə də tarixi qəbirstanlıq və məqbərələrin dağıdılması faktları üzrə 300-dən çox ittiham irəli sürülüb.

Hazırda istintaq davam edir. Gerlaxın insan skeletlərini hansı məqsədlə topladığı isə hələlik açıqlanmayıb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər