"Müharibə bitdikdən sonra İran-Azərbaycan münasibətlərində yeni mərhələnin başlamasına şahidlik edəcəyik" - ŞƏRH
“Naxçıvana endirilən zərbələr İran-Azərbaycan münasibətlərində etimada zərər vuracaq ciddi hadisələrdən biridir. Hadisələrin inkişaf xronikasına nəzər yetirdikdə baş verənlərdən sonra İran Prezidentinin üzr istəməsi və bu istiqamətdə xoşniyyətli addımların qarşılıqlı olaraq ifadə olunması münasibətlərdə qırılma nöqtəsinin yaranmasına mane olan, böhranı aradan qaldıran əsas səbəblərdir”.
Bu fikirləri Patrul.az-a İran-Azərbaycan münasibətlərini şərh edərkən politoloq Aytən Qurbanova səsləndirib.
Müsahibimiz burada ən təsiredici faktorun Azərbaycanın ortaya qoyduğu konstruktiv yanaşmaların, xoş niyyət addımlarının və bütün qonşu dövlətlərlə olduğu kimi İranla olan münasibətlərə də verilən önəmin aydın ifadəsi olduğunu bildirib:
“Azərbaycan Prezidenti İlham Əliyevin İrana olan məlum hücumu beynəlxalq hüquqazidd olaraq ifadə etməsi, eyni zamanda İranın ali dini liderinin vəfatı ilə bağlı ölkəmizdə yerləşən diplomatik nümayəndəliyə baş çəkərək başsağlığı verməsi İranın suverenliyinə və daxili işlərinə qarışmama prinsipinə göstərilən ən önəmli yanaşmalardan biridir. Bunun davamında Azərbaycan İrana humanitar yardım göstərən ilk dövlət oldu. Həmçinin, Azərbaycan ərazisindən istifadə edilməklə digər dövlətlərin humanitar yardımlarının çatdırılmasına da kifayət qədər önəmli töhfə verdi. İran Prezidentinin və digər rəsmilərinin Azərbaycana ünvanladıqları təşəkkür bəyanatları da bunu aydın şəkildə ifadə edir”.

Politoloq İranın hazırda həssas bir mərhələdən keçdiyini hesab edir:
“ABŞ və İsrail ilğ davam edən müharibə fonunda həm İranın daxilində, həm də regionda təhlükəsizlik ilə bağlı ciddi təhdidlər var. Belə bir dövrdə Azərbaycan da daxil olmaqla bütün qonşu dövlətlərlə münasibətlərin inkişaf etdirilməsi və hər hansı bir formada böhrana səbəb ola biləcək addımların atılmaması İran üçün prioritet istiqamət olmalıdır. Bu istiqamətdə Azərbaycan hər zaman qonşu dövlətimizin sabitliyinə töhfə verməyə, eyni zamanda münaqişənin mümkün olan ən qısa zamanda dayandırılması ilə bağlı çağırışlarını davam etdirməyə hazırdır. Verilən bəyanatlar da bunu aydın şəkildə sübut edir. Düşünürəm ki, müharibə tam bitdikdən və böhran şəraiti sona çatdıqdan sonra İran-Azərbaycan münasibətlərində də yeni bir mərhələnin yeni bir inkişaf istiqamətinin şahidi olacağıq. Ümid edirik ki, bundan sonrakı dövrdə İranla olan münasibətlərin inkişaf dinamikası yüksələn xətlə irəliləyəcək”.
Ləman Sərraf






