"Münxendə iştirak ölkəmizin artan strateji çəkisini göstərir" - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Münhen Təhlükəsizlik Konfransında iştirak edib.
Münhen platforması ənənəvi olaraq böyük güclərin təhlükəsizlik baxışlarının toqquşduğu, yeni dünya nizamının konturlarının müzakirə edildiyi məkandır.
Bəs dövlət başçısının bu konfransda iştirakının əhəmiyyəti nədən ibarətdir? Bu səfər nədən xəbər verir?
Mövzu ilə bağlı Patrul.az politoloq Rəşad Bayramovun fikirlərini öyrənib.
O bildirib ki, bu il keçirilən 62-ci Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırıldığı əsas platformalardan biri kimi yenidən qlobal diqqət mərkəzində oldu deyə bilərik:
“Bu nüfuzlu forumda prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevanın iştirakı isə Azərbaycanın beynəlxalq siyasətdə artan rolunun və strateji çəkisinin mühüm göstəricisi kimi qiymətləndirilə bilər.
Münxen Təhlükəsizlik Konfransı uzun illərdir ki, qlobal və regional təhlükəsizlik məsələlərinin, geosiyasi transformasiyaların, enerji təhlükəsizliyi və beynəlxalq münasibətlər sistemində yeni güc balansının müzakirə olunduğu aparıcı dialoq məkanlarından biridir. Belə bir platformada iştirak Azərbaycan üçün təkcə diplomatik protokol xarakteri daşımır, bu həm də ölkəmizin beynəlxalq qərarvermə proseslərində iştirak imkanlarının genişlənməsi deməkdir”.

Politoloqun sözlərinə görə, Azərbaycan son illərdə xüsusilə enerji təhlükəsizliyi sahəsində Avropa üçün strateji tərəfdaşa çevrilib:
“Qlobal enerji bazarlarında qeyri-sabitliyin artdığı bir dövrdə Bakı etibarlı təchizatçı imicini möhkəmləndirib. Münxen kimi platformalarda aparılan müzakirələr və ikitərəfli görüşlər Azərbaycanın bu statusunu daha da gücləndirir. Enerji ilə yanaşı, Orta Dəhliz və Transxəzər marşrutu çərçivəsində artan nəqliyyat-logistika imkanları ölkəni Avropa ilə Asiya arasında mühüm körpüyə çevirir. Bu baxımdan konfransda iştirak Azərbaycanın geoiqtisadi rolunun beynəlxalq səviyyədə təqdimatı üçün əlavə imkan yaradır.
Səfərin digər mühüm aspekti post-münaqişə dövründə Azərbaycanın formalaşdırdığı yeni regional gündəmin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Rəsmi Bakı regionda sabitlik, əməkdaşlıq və iqtisadi inteqrasiya modelini təşviq etdiyini vurğulayır. Münxen platforması isə bu mesajların qlobal siyasi elita qarşısında birbaşa ifadə olunması baxımından əhəmiyyətlidir. Bu, Azərbaycanın artıq yalnız regional proseslərin iştirakçısı deyil, eyni zamanda təşəbbüskar aktor kimi çıxış etdiyini nümayiş etdirir”.
R.Bayramov əlavə edib ki, konfrans çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər diplomatik baxımdan xüsusi əhəmiyyət daşıyır:
“Bu format liderlərə rəsmi protokoldan kənar, daha çevik və operativ dialoq imkanları yaradır. Belə təmaslar həm siyasi etimadın möhkəmlənməsinə, həm də iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan üçün isə bu, qərarverici mərkəzlərlə birbaşa əlaqələrin gücləndirilməsi deməkdir.
Birinci vitse-prezident Mehriban Əliyevanın səfərdə iştirakı isə tədbirin çoxşaxəli xarakterini göstərir. Bu, Azərbaycanın xarici siyasətinin yalnız təhlükəsizlik və enerji məsələləri ilə məhdudlaşmadığını, humanitar, mədəni və institusional əməkdaşlıq sahələrini də əhatə etdiyini nümayiş etdirir. Dövlət rəhbərliyinin vahid komanda şəklində iştirakı isə siyasi kursun davamlı və koordinasiyalı olduğunu göstərən simvolik mesajdır.
Ümumilikdə, Münxen Təhlükəsizlik Konfransında iştirak Azərbaycanın beynəlxalq sistemdə artan statusunun, geosiyasi əhəmiyyətinin və strateji tərəfdaşlıq potensialının təsdiqi kimi qiymətləndirilə bilər. Bu səfər göstərir ki, Azərbaycan artıq yalnız regional kontekstdə deyil, qlobal təhlükəsizlik müzakirələrinin də aktiv iştirakçısına çevrilib və beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha inamlı şəkildə möhkəmləndirir”.
Ləman Sərraf






