Narsistlə dost olanlar "narsistləşə" bilərmi? - Psixoloqdan izah
Günümüzdə tez-tez “narsist” və ya “narsizm” sözlərini eşidirik. Çoxumuz qəzəblənəndə, qarşı tərəfi duyğusuz və ya laqeyd gördükdə ona “narsistsən” deyirik. Əslində isə bu sözü daha çox emosional anda işlədirik, amma kim bilir, bəlkə də “narsist” dediyimiz adamın içində həqiqi bir narsist davranışı doğrudan da var… Axı biz 8 milyard insanın içində kimin həqiqi narsist olduğunu necə müəyyən edə bilərik?!.
Bəlkə də bu adam sənin ən yaxın dostundur, amma sən bunun fərqinə varmırsan. Eqolu davranışları və daim diqqət mərkəzində olma tələbi ilə seçilən narsistlərin ətraflarında aktiv ünsiyyətdə olduğu insanlar var. Maraqlıdır ki, belə şəxslərlə uzun müddət ünsiyyət qurmaq qarşı tərəfin də xarakterini dəyişdirə, onda narsist xüsusiyyətlər yarada bilərmi? Başqa sözlə, narsistlər “psixoloji vampir” kimi öz xüsusiyyətlərini başqalarına ötürə bilərlərmi?
Patrul.az bu aktual sualı aydınlaşdırmaq üçün Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmova müraciət edib.
Onun sözlərinə görə, narsistlərlə yaxından ünsiyyət quran insanların davranışlarında müəyyən dəyişikliklər müşahidə olunsa da, bu onları əsl narsistə çevirə bilmir:
“Qeyd etdiyiniz məsələ psixologiyada tez-tez müzakirə olunan mühüm bir mövzudur. Narsist xüsusiyyətlərə malik insanlarla uzun müddət yaxın ünsiyyətdə olmaq, doğrudan da qarşı tərəfin davranışlarına müəyyən təsir göstərə bilər. Lakin burada mühüm nüans var. Belə ki, bu həmin şəxsin xarakterinin köklü şəkildə dəyişərək “narsistə çevrilməsi” demək deyil. Narsist insanlar münasibətdə çox vaxt diqqət mərkəzində olmaq, emosional manipulyasiya, tənqidə qarşı həssaslıq və özəl üstünlük gözləntiləri kimi davranışlar nümayiş etdirirlər. Bu tip münasibət uzun müddət davam etdikdə, digər tərəf özünü qorumaq üçün bəzi adaptiv davranışlar formalaşdırmağa başlayır. Məsələn, sərhədləri daha sərt qoymaq, emosional məsafə yaratmaq, özünü daha çox müdafiə etmək və ya qiymətləndirilmə ehtiyacına həssaslaşmaq kimi. Xaricdən bu davranışlar bəzən “narsistcəsinə görünə” bilər, amma əslində bu, şəxsiyyət dəyişikliyi deyil, daha çox situativ müdafiə mexanizmləridir”.

E. Rüstəmov təcrübəsinə əsaslanaraq bildirir ki, narsistlik insanda sonradan başqa şəxsdən deyil, əvvəlcədən formalaşır. Buna görə də narsistlə ünsiyyətdə olan insanlar onun təsiri ilə narsistləşə bilməzlər:
“Elmi araşdırmalar da göstərir ki, narsist şəxsiyyət pozuntusu kimi dərin strukturlu xüsusiyyətlər sosial təsirlərlə sonradan qazanılmır. Şəxs sadəcə olaraq uzun müddət psixoloji təzyiq, manipulyasiya və qeyri-sağlam ünsiyyət mühitində olduğu üçün davranışlarında dəyişikliklər göstərə bilər. Bu isə emosional yorğunluq, özünütəsdiq ehtiyacının artması və ya münasibətdə balansı qoruma cəhdi ilə bağlıdır. Bu səbəbdən də, narsist insanla münasibətdə olmaq insanın özünü ifadə tərzini və davranış modellərini təsirləndirə bilər, amma bu onun şəxsiyyətinin tamamilə dəyişərək narsist xüsusiyyətlər qazanması demək deyil. Burada əsas məsələ münasibətin emosional yükü və həmin insanın özünü psixoloji olaraq necə qoruduğudur. Sağlam sərhədlər və psixoloji dəstək bu təsirlərin qarşısını almaqda ən vacib amillərdir”.
Gülbəniz Səfərova






