"Nə təslim olacağıq, nə də əsir düşəcəyik" - İran rəsmisi
“Nə təslim olacağıq, nə də əsir düşəcəyik”.
Patrulaz.az “İSNA”ya istinadla xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Şimali Xorasan vilayətində üç min əsgərin xatirəsinə həsr olunmuş ikinci milli konqresdə çıxışı zamanı İsraillə bağlı açıqlamasında deyib.
Qalibaf İsraillə 12 günlük müharibəni xatırladaraq bildirib ki, münaqişənin beşinci və altıncı günlərindən sonra beynəlxalq aləmin atəşkəs üçün vasitəçilik etməyə başlaması, “sionist rejimin” 80 illik tarixində ən ciddi vəziyyətin yaşandığını göstərir.
O, Trampın münaqişəli ölkələr arasında sülhə nail olmaq barədə açıqlamalarına toxunaraq bildirib ki, İran-İsrail müharibəsi zamanı ABŞ sülhdən danışsa da, əslində İranın nüvə obyektlərini bombalayıb:
“Son müharibədə Amerika sülh və dialoqdan danışırdı, Tramp isə sülhə çağırırdı, lakin eyni zamanda onun təyyarələri bizim nüvə obyektlərimizi bombalamağa gedirdi”, – deyə Qalibaf qeyd edib.
O, ABŞ-nin “sülh çağırışlarını” ziddiyyətli adlandıraraq, İranın bu təzyiqlər qarşısında geri çəkilməyəcəyini vurğulayıb.
İran rəsmisi həmçinin İsraili “uşaq qatili” adlandıraraq, ölkəsinin birliyə və mübarizəyə səsləyib:
“Hər gün bir ölkəyə hücum edən ekspansionist və uşaq qatili sionist rejim tətbiq edilmiş müharibə və ya əlavə sülh axtarır və əgər biz şəhidlərin yolu ilə getsək və şəhidliyi seçmiş bir ölkə olsaq, nə təslim olarıq, nə də əsir düşərdik”.
Xatırladaq ki, 2025-ci ilin iyun ayının 13-dən 24-ə kimi baş vermiş 12 günlük İran- İsrail müharibəsi hər iki tərəfdən onlarla hərbçinin və mülki şəxsin həyatına son qoyub. İsrailin hava zərbələri nəticəsində İranda bir neçə hərbi obyekt və nüvə mərkəzi hədəf alınıb, qarşı tərəf isə raket hücumları ilə cavab verib.
Müharibə nəticəsində İranda 420-dən çox insan (o cümlədən 170 hərbçi, 250 mülki şəxs), İsraildə isə təxminən 180 nəfər (onlardan 60-ı hərbçi) həlak olub.






