media-1770795324_5215202831772619547-1

Azərbaycan millsinin və “Qarabağ”ın keçmiş hücumçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kru” klubundakı maaşı və transfer müqaviləsinin gizli detalları rəsmən açıqlanıb.

Patrul.az xəbər verir ki, MLS Oyunçular Assosiasiyasının (MLSPA) yaydığı hesabata əsasən, 21 yaşlı forvardın illik zəmanətli gəliri vergilər və bonuslarla birlikdə 633 min 390 ABŞ dolları (təxminən 1 milyon 7 min 600 manat) təşkil edir. Onun xalis baza maaşı isə 550 min dollar (935 min manat) olaraq müəyyən edilib.

“Qarabağ”da çıxış etdiyi dönəmdə aylıq 12 min manat (illik 144 min manat) qazanan gənc futbolçu, ABŞ-yə keçidi sayəsində illik gəlirini təxminən 7 dəfə artırmağa nail olub.

Ohayo təmsilçisi ilə 2029-cu ilin iyun ayına qədər qüvvədə olan 3,5 illik müqavilə imzalayan Axundzadə, transfer qiymətinə görə də ölkə futbolunun tarixinə düşüb. Mənbələrin məlumatına görə, ABŞ klubu bu keçid üçün Ağdam təmsilçisinə 1.5 – 2.5 milyon avro (təxminən 2 milyon dollar) arası təzminat ödəyib. Bununla da Nəriman ölkədən transfer olunan ən bahalı yerli futbolçu statusunu qazanıb.

Nəriman Axundzadə MLS-də gənc oyunçuların limitini tənzimləyən xüsusi “U22 Təşəbbüsü” (U22 Initiative) proqramı çərçivəsində heyətə qatılıb. Bu status “Kolambus Kru”ya imkan verir ki, oyunçunun transfer xərclərini klubun ümumi maaş büdcəsindən (salary cap) kənarda tutaraq maliyyə yükünü azaltsın. Müqavilə şərtlərinə görə, gənc statusu daşıyan futbolçunun maaşı növbəti illərdə artan xətlə davam edəcək.

Azərbaycanlı hücumçunun 633 min dollarlıq qazancı “Kolambus Kru” heyətində orta təbəqəyə uyğun gəlir. Hazırda klubun ən çox qazanan ulduzu illik 3.37 milyon dollarla Dieqo Rossidir. Ondan sonra Daniel Qajdaq (2.59 milyon dollar) və komandanın kapitanı Darlinqton Naqbe (1.54 milyon dollar) gəlir. Nəriman isə maaş göstəricisinə görə Yam Yeboa (663 min dollar) və Marino Hinestroza (574 min dollar) ilə eyni sırada yer alır.

Müqayisə üçün qeyd edək ki, bütöv liqanın ən çox qazanan ismi “Inter Miami”nin ulduzu Lionel Messidir (28.3 milyon dollar).

Hazırda yeni liqaya adaptasiya dövrünü keçən Axundzadə, MLS çərçivəsində cəmi 5 matçda (əsasən sonradan meydana daxil olmaqla) şans qazanıb və hələlik qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Bununla belə, o, ABŞ Açıq Kubokunda “One Knoxville SC” ilə görüşdə 90 dəqiqə meydanda olmaqla komandanın əsas rotasiya planlarına daxil olduğunu sübut edib.


Bənzər xəbərlər