Netanyahu Suriyada baş verənlərlə bağlı ÇAĞIRIŞ ETDİ - VİDEO
İsrailin Baş naziri Benyamin Netanyahu Suriyanın cənubunda yerləşən Suveyda vilayətində baş verən qarşıdurmalarla bağlı druz icmasına müraciət edib.
Patrulaz.az Xarici KİV-ə istinadla xəbər verir ki, Netanyahu İsraildə yaşayan druzları sərhədi keçməməyə çağırıb və onları ehtiyatlı olmağa səsləyib.
“Druz qardaşlarımızı xilas etmək və onların tarlalarında zorakılığı aradan qaldırmaq üçün çalışırıq. Lakin xahiş edirəm, sərhədi keçməyin. Siz İsrail vətəndaşısınız və sərhədi keçməklə həm həyatınızı təhlükəyə atırsınız, həm də İsrail Müdafiə Qüvvələrinin səylərinə zərər verirsiniz,” – deyə Netanyahu bildirib.
Druzlar kimlərdir?
Druzlar İslamın şiə qolundan çıxmış, ancaq ondan ayrılaraq öz dini-fəlsəfi dünyagörüşünə sahib olan azsaylı dini-etnik icmadır. Onlar əsasən, Livan, Suriya, İsrail və İordaniyada yaşayırlar. Druz dini çox qapalıdır, icmaya yalnız doğulanlar daxil ola bilir. Druzlar uzun illərdir regionda öz adət-ənənələrini qorumağa və neytrallıqlarını saxlamağa çalışıblar.
İsraildə druzlar orduya xidmət edir, dövlət vəzifələrində çalışır və vətəndaş hüquqlarına malikdirlər. Bu səbəbdən İsraildə onlara “qardaş icma” kimi baxılır.
Suriyada nə baş verir?
Hazırda Suriyanın cənubunda, xüsusən Suveyda bölgəsində druzlar ilə Suriya rejiminə bağlı qüvvələr arasında toqquşmalar baş verir. Yerli icma nümayəndələri son aylarda sosial-iqtisadi vəziyyətin pisləşməsinə və zorakılıqlara qarşı narazılıqlarını ifadə edir.
Bəzi məlumatlara görə, hökumət qüvvələri druzların kəndlərinə hücum edib, buna cavab olaraq yerli druz gəncləri də silahlanaraq müqavimət göstəriblər. İddialara görə, son qarşıdurmalarda ölən və yaralananlar da olub.
Bu vəziyyət İsraildə yaşayan druz icmasını da narahat edib. Onlar Suriyadakı qohumlarına kömək etmək üçün sərhədi keçmək istəyiblər. Lakin İsrail hökuməti bu cəhdləri dayandırmaq üçün sərt xəbərdarlıq edib.






