"Xəyanət halları nəzərə alınsa boşanmalar azala bilər" - VƏKİL RAMİL VƏLİYEV
Azərbaycanda nikah müqaviləsi bağlayanların sayı demək olar ki, yox səviyyəsindədir. Mülki Məcəlləyə görə, nikah müqaviləsi yalnız ər-arvadın əmlak münasibətlərini tənzimləyir və şəxsi münasibətlər barədə şərtlər hüquqi qüvvəyə malik deyil.
Vəkil Ramil Vəliyev Patrulaz.az-a açıqlamasında bildirib ki, nikah müqaviləsi ər-arvadın əmlak münasibətlərini tənzimləyən hüquqi sənəddir:
“Mülki Məcəlləyə əsasən yalnız əmlak hüquq və vəzifələri ilə bağlı şərtlər daxil edilə bilər. Şəxsi münasibətlər (məsələn, xəyanət, birgə yaşamaq, uşaqların kimdə qalması) barədə şərtlər etibarsız sayılır. Hazırda Azərbaycanda nikah müqaviləsi bağlayanların sayı demək olar ki, yox səviyyəsindədir.
Ali Məhkəmənin Plenum qərarlarında qeyd olunub ki, nikah müqaviləsində xəyanətə görə nikahın pozulması və ya təzminat ödənilməsi kimi şəxsi şərtlər qanuni qüvvəyə malik deyil.
Ali Məhkəmə Plenumunun qərarlarından uzun müddət vaxt keçib. Son illər xəyanət səbəbi ilə boşanmaların sayı artmaqdadır. Nikah müqavilələrinə xəyanət halı baş verdikdə nikah dövründə əldə edilmiş əmlakların qarşı tərəfə keçməsi, xəyanət edən tərəfin təminat və ya təzminat ödəməsi, uşaqların himayə verilməsi kimi hallar qeyd edilsə, ailə münasibətlərinin pozulması hallarının azalmasına səbəb ola bilər. Milli düşüncə ilə nikaha daxil olanların könüllü olaraq belə məzmunlu müqavilə imzalamaları olası deyil. Bu inamsızlıq deyil, ər və ya arvadın sonradan səhv olduğunu başa düşdüyü addımı atmamışdan əvvəl düşünməyə məcbur edəcəyi məsuliyyətdir”.






