Nikol Paşinyan seçkilərə yaxın Moskva ilə münasibətləri niyə yumşaltmağa çalışır? - RƏY
Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarında Rusiya ilə münasibətləri yumşaltmağa və dialoqu bərpa etməyə çalışdıqlarını bildirib. Son illərdə İrəvan–Moskva xəttində yaşanan gərginlik, xüsusilə təhlükəsizlik və regional proseslər fonunda münasibətlərin soyuması ilə müşahidə olunurdu. Lakin görünür ki, rəsmi İrəvan hazırkı geosiyasi şəraitdə balanslı siyasət yürütməyə və Moskva ilə əlaqələri tam qırmamağa üstünlük verir.
Qeyd edək ki, Rusiya uzun illər Ermənistanın əsas təhlükəsizlik və iqtisadi tərəfdaşlarından biri olub. Buna baxmayaraq, son dövrdə tərəflər arasında qarşılıqlı ittihamlar və etimadsızlıq artmışdı. İndi isə Paşinyanın ritorikasında daha yumşaq ton müşahidə edilir. Bu dəyişiklik Ermənistanın daxili siyasi gündəliyi ilə bağlıdırmı? Qarşıdan gələn seçkilər fonunda Moskva ilə münasibətləri sabitləşdirmək Paşinyanın siyasi mövqeyini gücləndirmək məqsədi daşıyırmı?
Bu mövzu ilə bağlı, Patrul.az-a açıqlamasında İnsan Alverinə Qarşı Mübraizə Təşkilatının sədri Ramiz Alıyev bildirib ki, Nikol Paşinyan regiondakı geosiyasi reallıqlar, iqtisadi və təhlükəsizlik asılılıqları fonunda Rusiya ilə münasibətləri daha praqmatik şəkildə normallaşdırmağa çalışıb:
“Nikol Paşinyanın son dövrlərdə Rusiya ilə münasibətləri nisbətən normallaşdırmağa yönəlik addımları regiondakı geosiyasi reallıqlar və Ermənistanın daxili siyasi gündəliyi fonunda qiymətləndirilməlidir. 2020-ci il müharibəsindən sonra Moskva-İrəvan münasibətlərində yaranmış gərginlik, xüsusilə KTMT ilə bağlı ittihamlar, sərhəd təhlükəsizliyi məsələləri və Qarabağdakı proseslər tərəflər arasında ciddi etimad böhranı yaratmışdı. Paşinyan hakimiyyəti bir müddət açıq şəkildə Rusiyanı təhlükəsizlik öhdəliklərini yerinə yetirməməkdə günahlandırır, paralel olaraq Qərblə, xüsusilə Aİ və ABŞ-lə münasibətləri dərinləşdirməyə çalışırdı. Lakin zaman keçdikcə Ermənistanın manevr imkanlarının məhdud olduğu daha aydın görünməyə başladı. Ermənistan iqtisadiyyatının strukturunda Rusiyanın payı hələ də yüksəkdir: enerji asılılığı, qaz təchizatı, atom elektrik stansiyasının fəaliyyəti, iri ticarət dövriyyəsi və Rusiyada çalışan erməni miqrantların göndərdiyi vəsaitlər ölkə üçün həyati əhəmiyyət daşıyır. Təhlükəsizlik baxımından da Rusiya faktoru tamamilə arxa plana keçirilə bilməz. Bu reallıq Paşinyanı daha praqmatik xəttə qayıtmağa vadar edir”.

Politoloqun sözlərinə görə, Nikol Paşinyan həm regionda dəyişən təhlükəsizlik reallıqları, həm də daxili siyasi – xüsusilə seçki hesablamalar fonunda Rusiya ilə münasibətləri balanslı və praqmatik şəkildə tənzimləməyə çalışır:
“Digər mühüm amil regionda formalaşan yeni təhlükəsizlik arxitekturasıdır. Azərbaycanla sülh müqaviləsi üzrə danışıqların intensivləşməsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması məsələləri İrəvan üçün həm risk, həm də fürsət yaradır. Ermənistan rəhbərliyi anlayır ki, Moskva ilə münasibətlərin kəskinləşməsi danışıqlar prosesində əlavə təzyiq rıçaqları yarada bilər. Buna görə Paşinyan balanslaşdırılmış siyasət yürütməyə, həm Qərb, həm də Rusiya ilə paralel işləməyə üstünlük verir.
Həmçinin onu da qeyd etməliyik ki, bu siyasətin yürüdülməsində əsas məqsədlərdən biri də bu il Ermənistanda keçiriləcək parlament seçkiləridi. Ermənistanda ictimai rəy parçalanmış vəziyyətdədir. Bir tərəfdə Qərbə inteqrasiyanı dəstəkləyən elektorat, digər tərəfdə isə ənənəvi olaraq Rusiyaya yaxın xətti təhlükəsizlik zəmanəti kimi görən təbəqə mövcuddur. Paşinyan üçün əsas risk müxalifətin “Rusiya ilə münasibətləri pozmaqla ölkəni təhlükəyə atmaq” ittihamını gücləndirməsidir. Seçki ərəfəsində və ya reytinq təzyiqi fonunda Moskva ilə tonun yumşaldılması daxili auditoriyaya ünvanlanmış mesaj kimi də qiymətləndirilə bilər.
Bununla yanaşı, Paşinyanın siyasi üslubu ideoloji deyil, daha çox situativ və praqmatikdir. O, 2018-ci ildən bəri müxtəlif mərhələlərdə kursunu korrektə edib. Əgər əvvəlki dövrdə Qərbə yaxınlaşma daxili legitimliyi gücləndirmək və alternativ təhlükəsizlik dayaqları yaratmaq məqsədi daşıyırdısa, hazırkı mərhələdə risklərin minimallaşdırılması prioritetə çevrilmiş kimi görünür. Bu isə Rusiya ilə açıq qarşıdurmadan yayınmağı zəruri edir.
Ümumilikdə deyə bilərik ki, Paşinyanın Moskva ilə münasibətləri qaydaya salmaq cəhdləri həm struktur xarakterli iqtisadi və təhlükəsizlik asılılıqları, həm də daxili siyasi hesablamalarla bağlıdır. Seçki amili bu prosesdə rol oynaya bilər, lakin məsələni yalnız seçki prizmasından izah etmək yetərli deyil. Ermənistanın mövcud geosiyasi mövqeyi və resurs imkanları Paşinyanı daha balanslı və ehtiyatlı siyasət yürütməyə sövq edir”.
Cəmilə Cəfərzadə






