Niyə arıqlaya bilmirik? - ARAŞDIRMA
Doğrudur, arıqlamağı iradə məsələsi saymaq olar. Amma əksər hallarda yanlış üsullar da arıqlamağa qoymur.
Patrul.az bu məqalədə sizə pəhriz zamanı edilən səhvləri, yanlış üsulları təqdim edəcək.
Arıqlamaq istəyənlər ilk iş olaraq yeməklərini azaldırlar. Şirniyyat və çörək yeməkdən imtina edirlər. Bu üsulla arıqlayacaqlarını düşünürlər. Amma bilməlisiniz ki, bu üsulla uğur əldə etmək şansı çox azdır.
Öz üsulları ilə arıqlaya bilməyənlər isə dietoloqlara üz tutur. Dietoloqların müəyyən etdiyi pəhriz proqramlarının əksəriyyəti kalorili yeməklərin azaldılmasına əsaslanır. Yaxud, “az-az ye, tez-tez ye” prinsipini önə çəkirlər. Bilməlisiniz ki, hər iki üsulun da elmi əsası yoxdur. Bu cür pəhrizlərin faydalı olmamalarının bir səbəbi də davam etdirməyin mümkünsüzlüyüdür.
Mütəxəssislər pəhriz proqramı ilə arıqlamaq cəhdinin cəmi 9% uğurla nəticələndiyini hesablayıblar.
İndi isə gələk pəhriz yanlışlarına.
Axşam saat 8-dən sonra yemək, yaxud nəsə atışdırmaq. Kökəlmək üçün ən təhlükəli vaxt axşam 8-dən sonradır. Adətən, bu saatlarda fiziki aktivlik azalır. Metabolizma yediklərimizi götürür, yağa çevirir, depolamağa başlayır. Ona görə də, axşamlar yemək arıqlamağınıza mane olur.
Süfrədən doymadan qalxmaq.
Bu, arıqlamaq üçün üsul deyil. Əksinə, doymasanız, qısa zaman ərzində acacaqsınız, yenə nəsə yeyəcəksiniz. Ona görə də süfrədən ac qalxmayın.
Gün ərzində nəsə atışdırmaq.
Əsas yeməklər arasında bir şeylər atışdırmaq sağlamlığınızı zərər verir. Hətta arada yediyiniz çərəzlər və meyvələr də qanda şəkərin səviyyəsinin yüksəlməsinə səbəb ola bilir. Qanda şəkərin tez-tez enib-qalxması köklüyün və şəkərli diabetin ən önəmli səbəblərindəndir.
Ac qalmaqdan qorxmaq.
Acmaq qan şəkərinin düşməsi və normallaşmasının işarətidir. Yəni, acmaq yaxşıdır. Acdığımız zaman orqanizmimiz yağ yandırır. Acarkən narahat olmayın. Bir öynədən kəm qalmaqdan da qorxmayın.
Çörək yeməmək.
Bu, ABŞ-dən dünyaya yayılan yanlış düşüncədir. Elmi araşdırmalar sübut edib ki, gündəlik xərclədiyimiz enerjinin 50%-ni karbohidratlar təmin edir. Düzdür, artıq yeyilərsə, ağ undan hazırlanan qidalar ziyanlı ola bilər. Amma bulqur aşı, dənli bitkilər, qara çörək, kəpəkli çörək heç bir zaman ziyanlı deyil.
Nizamsız qidalanmaq.
Sağlam metabolizma və çəkiyə nəzarət üçün nizamlı qidalanmaq əsas şərtdir. Çörəyi də, dənliləri də, meyvə-tərəvəzi də balanslı şəkildə yemək lazımdır. Karbohidrat ehtiyacımız üçün çörək yeməliyik. Vitaminlər və rahat həzm üçün də meyvə-tərəvəz faydalıdır. Heyvan mənşəli karbohidratlar da orqanizmə lazımdır.
Hərəkətsizlik.
İnsan övladı hərəkətdə olmaq üçün yaradılıb. Amma yüksək texnologiyalar əsrində günümüzün çoxu oturaqlı keçir. Demək olar ki, son yüz ildə hərəkətliliyimiz 60% azalıb. Arıqlamaq istəyiriksə, hərəkətdə olmalıyıq. Bundan əlavə, metabolizmamız da işləmək üçün aktivliyə ehtiyac duyur.
Ləman Sərraf






