Niyə insanlar falçılara inanır?
İnsan təbiəti etibarilə gələcəyi bilməyə ehtiyac duyur, çünki bilinməzlikdən qorxur. Falçılar məhz bu qorxu üzərində oynayaraq insanlara gələcəklə bağlı “işarələr” verir. Qərarsızlıq içində olan insanlar, məsələn, “Ailə qura bilərəmmi?”, “İşə girim ya yox?” kimi suallara cavab axtaranda, falçının dedikləri onların qərar verməsini asanlaşdırır. Üstəlik, falçılar psixoloji rahatlıq da verir: “Səni gözəl günlər gözləyir” kimi cümlələr bir müddət insanın ruh halını yaxşılaşdıra bilər. Amma unutmaq lazım deyil ki, bu, gerçək yardım deyil, sadəcə “şirin yalandır”.
Gəlin görək, bu “şirin yalanlar”ın arxasında nələr gizlənir?
Patrulaz.az bu barədə kiçik bir araşdırma edib.
Elmi baxış: falçılığın əsası varmı?
Heç bir fal üsulu – qəhvə falı, tarot, əl xətləri, astroloji bürclər elmi metodlarla sübuta əsaslanmır. Bu üsullar təkrarlana bilən, obyektiv, sübuta əsaslanan elmi tədqiqatlarla təsdiqlənmir. Falçılar daha çox “soyuq oxuma” adlanan psixoloji texnikalardan istifadə edir. Bu texnika vasitəsilə sənə aid olduğunu düşündüyün ümumi və ümumiyyətlə 90% insanın həyatına uyğun gələn cümlələr səsləndirilir:
“Keçmişdə sənə qarşı haqsızlıq olub…” “Qorxularınla mübarizə aparırsan…” “Səni gözləyən biri var, amma sən tərəddüddəsən…”
Bu cümlələr insanlarda “Düz deyir!” düşüncəsinin yaranmasına səbəb olur, amma əslində heç bir real məlumatdan xəbər vermir.
Falçıya inamın fəsadları
Falçılara inanmaq sadəcə saf düşüncədən deyil, həm də manipulyasiyaya açıq olmaqdan irəli gəlir. İnsanlar həyatlarında önəmli qərarları falçıların sözlərinə əsaslanaraq verirlər ki, bu da olduqca təhlükəlidi. Yəni, onlar bununla da həyatdakı məsuliyyəti öz üzərindən atıb “qismət beləymiş” deyə düşünürlər. Ən pisi isə bəzi falçıların qorxu və ümidi sui-istifadə edərək maddi qazanc əldə etməsidir.
Bəs falçılara inanmaq doğrudurmu?
Qətiyyən! Falçılara inanmaq rasional bir qərar deyil, duyğusal bir reaksiyadır. Əgər bu inam sənə asılılıq yaradırsa, qərarlarını falçının sözləri ilə yönləndirirsə və ya pul, zaman itkisinə səbəb olursa – bu inam sənə zərər verir və doğru deyil.
Falçılığa əyləncə kimi yanaşmaq olar, amma həyatını onun üzərində qurmaq əsla düzgün deyil.
Ləman Sərraf






