Niyə insanlar qulaq asdıqları musiqiyə uyğun geyinir, müxtəlif davranışlar sərgiləyirlər? - Psixoloji İZAH
Musiqinin insanların gündəlik davranışlarına təsiri çox böyükdür. Ona görə ki, onlar dinlədikləri musiqinin ritminə uyğun geyim tərzi seçir, gün ərzində əhval-ruhiyyələrini musiqi ilə tənzimləyir, hətta yolda olarkən musiqisiz qalmaqda çətinlik çəkirlər. Bu vərdiş artıq sadəcə zövq məsələsi deyil, gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib.
Bəs bu davranışların əslində psixoloji səbəbləri nələrdir?
Bu barədə Psixoloq, Psixoterapevt Orxan Şəfizadə Patrul.az-a açıqlamasında bildirib ki, insanların musiqiyə uyğun geyinməsi, əhvalını onunla tənzimləməsi və onsuz qala bilməməsi onların kimlik axtarışı, emosional tənzimləmə ehtiyacı və ritmə bioloji uyğunlaşması ilə bağlı psixoloji proseslərin nəticəsidir:
“İnsan ruhu musiqiyə qarşı həm bioloji, həm də emosional səviyyədə son dərəcə həssasdır. Ona görə də insanlar çox vaxt dinlədikləri musiqinin ritminə uyğun geyinir, öz üslubunu ondan formalaşdırır və əhvalını musiqinin axarına görə tənzimləyir. Bu davranış təsadüfi deyil: arxasında dərin psixoloji mexanizmlər dayanır.
Birinci səbəb – İdentikliyin formalaşması.
İnsan dinlədiyi musiqini təkcə eşitmir, onu yaşamağa çalışır. Musiqi şəxsiyyətin görünməyən tərəflərini dilə gətirir və insan həmin səs dalğalarını öz xarici görünüşü ilə tamamlayır. Bu, “musiqi ilə özünü ifadə” prosesidir: insan kim olduğunu, hansı enerjiyə sahib olduğunu paltarı ilə göstərir.
İkinci səbəb – Emosional tənzimləmə.
Musiqi beynin emosional mərkəzlərini aktivləşdirir, dopamin ifrazını gücləndirir və insanın əhvalını dəyişir. Bu səbəbdən biri sakit musiqi ilə stressini azaldır, digəri ritmik musiqi ilə özünü motivasiya edir. Yolda musiqiyə ehtiyac duymağın səbəbi də budur: beyin hərəkət zamanı daha çox ritm axtarır və musiqi ona daxili tarazlıq verir.
Üçüncü səbəb – Psixoloji sığınacaq effekti.
Musiqi, insanın gündəlik həyatda ifadə edə bilmədiyi duyğular üçün bir sığınacaq rolunu oynayır. Bəzən insan özünü musiqidə tapdığı üçün ondan ayrıla bilmir. Xüsusilə yolda, tək qalanda musiqi həm yoldaş, həm də daxili dialoqun fonu olur.
Dördüncü səbəb – Sosial mənsubiyyət.
İnsan dinlədiyi musiqi ilə müəyyən bir qrupa aid olduğunu hiss edir. Bu aidiyyət hissi öz növbəsində geyim tərzində, danışıq üslubunda, hətta dünyaya baxışda özünü göstərir. Musiqi burada həm psixoloji, həm də sosial kimlik yaradır.
Beşinci səbəb – Ritmin bədənə təsiri.
Ritm fizioloji olaraq ürək döyüntüsünə, nəfəsalma tempinə və motor davranışlara təsir edir. İnsan bədəni bu ritmi geyim tərzi, hərəkət və davranışlarla uyğunlaşdırmağa meyllidir. Sanki psixika qeyri-şüuri şəkildə musiqi ilə eyni dalğada yaşamaq istəyir”.

Psixoloqun sözlərinə görə, musiqi insanın kimliyini, emosiyalarını və davranışlarını formalaşdıran güclü psixoloji amil olduğu üçün insanlar onsuz qala bilmirlər:
“Son olaraq qeyd edə bilərəm ki, musiqi insan üçün sadəcə səs deyil, kimliyi formalaşdıran, emosiyaları tənzimləyən, davranışları yönləndirən bir psixoloji gücdür. Ona görə də insanlar musiqisiz qala bilmir, çünki musiqi həm içimizdəki səsi danışdırır, həm də bizi özümüzə daha da yaxınlaşdırır”.
Cəmilə Cəfərzadə






