media-inshot_20260424_191609675

Son zamanlarda qəribə xəbərlərlə rastlaşırıq. Arvadından narşərab istəyəni döyənlər, sərxoş olub arvadına xəsarət yetirənlər və s. Sanki insanlar şiddət göstərmək üçün bəhanə axtarır.

Niyə insanlarda şiddətə meyillilik bu qədər artmaqdadır?

Patrul.az mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubovanın fikirlərini öyrənib.

O qeyd edib ki, son dövrlərdə məişət zorakılığı ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradır:

“Bu halların artması ilə bağlı iki mühüm məqamı fərqləndirmək lazımdır: bir tərəfdən informasiya əlçatanlığı və sosial şəbəkələrin təsiri nəticəsində bu hadisələr daha çox görünür, digər tərəfdən isə insanların psixoloji gərginliyində real artım müşahidə olunur.

Müasir dövrdə iqtisadi çətinliklər, işsizlik, sosial qeyri-sabitlik və gələcək qorxusu insanlarda xroniki stress yaradır. Stress isə idarə olunmadıqda aqressiya formasında üzə çıxa bilir. Xüsusilə emosional tənzimləmə bacarıqları zəif olan fərdlər konflikt vəziyyətlərində zorakılığa daha meyilli olurlar”.

media-inshot_20260424_191358047

Həmsöhbətimiz digər mühüm faktorun cəmiyyətdə zorakılığın müəyyən hallarda normallaşdırılması olduğunu bildirib:

“Bəzi insanlar üçün fiziki və ya psixoloji şiddət “problemi həll etmə üsulu” kimi qəbul edilir. Bu, həm ailə daxilində öyrənilən davranış modelləri, həm də sosial mühitin təsiri ilə formalaşır.

Alkoqol istifadəsi də risk faktorlarından biridir. Sərxoşluq vəziyyətində impuls nəzarəti zəifləyir və insan daha tez aqressiv reaksiyalar verir”.

“Unutmaq olmaz ki, zorakılıq qəfil yaranmır, o, uzun müddət yığılan emosiyaların, həll olunmamış konfliktlərin və psixoloji gərginliyin nəticəsidir.

Bu səbəbdən problemin həlli yalnız fərdi səviyyədə deyil, həm də maarifləndirmə, psixoloji dəstək xidmətlərinin əlçatanlığı və sağlam ünsiyyət bacarıqlarının inkişafı ilə mümkündür. İnsanlara emosiyalarını idarə etməyi, konfliktləri zorakılıqsız həll etməyi öyrətmək cəmiyyət üçün əsas prioritetlərdən biri olmalıdır”,– deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər