Niyə yeməkdən sonra yuxumuz gəlir?
Əksəriyyətimizdə tanış haldır ki, yaxşıca yemək yedikdən sonra göz qapaqları ağırlaşır, işə davam etmək çətinləşir və yalnız uzanmaq istəyirik.
Bəs bunun səbəbi nədir?
Patrulaz.az-ın araşdırmasına görə, əslində, yeməkdən sonra yuxumuzun gəlməsi bədənin tamamilə normal reaksiyasıdır. Qida qəbul edildikdə həzm prosesi başlayır və orqanizm enerjisini qidanı parçalamağa yönəldir. Bu zaman qan dövranının bir hissəsi beyindən daha çox mədəyə və bağırsaqlara axır. Nəticədə beyinə daha az oksigen gedir və yüngül yorğunluq, yuxululuq hissi yaranır.
Digər səbəb hormonların təsiridir. Yeməkdən sonra qanda şəkərin səviyyəsi artır, orqanizm insulini daha çox ifraz edir. Bu proses beyində serotonin və melatonin kimi sakitləşdirici hormonların artmasına səbəb olur. Onlar da yuxululuq hissini gücləndirir.
Yediyimiz qidanın növü də böyük rol oynayır. Ağır, karbohidrat və yağla zəngin yeməklər (plov, xəmir xörəkləri, şirniyyatlar) yuxunu daha tez gətirir. Əksinə, tərəvəz və protein ağırlıqlı yüngül yeməklər bu cür təsir göstərmir.
Bundan əlavə, çox yemək mədə-bağırsaq sisteminə əlavə yük salır, orqanizm gücünü həzmin üzərinə yönəltdiyi üçün halsızlıq artır.
Yeməkdən sonra yuxulamağımızın qarşısını tam almaq olmasa da, onu azaltmaq mümkündür:
-Çox ağır yeməklərdən çəkinmək
-Az-az, amma tez-tez yemək
-Yeməkdən sonra bir qədər hərəkət və ya yüngül gəzinti etmək.
Ləman Sərraf






