media-inshot_20260223_185307813

Bayram günləri yaxınlaşdıqca bazar və marketlərdə alıcı sıxlığı artır, gündəlik tələbat məhsullarına maraq xeyli yüksəlir. Xüsusilə Novruz və Ramazan ərəfəsində süfrələrin zəngin qurulması ənənəsi ərzaq məhsullarına olan tələbi daha da artırır. Bu dövrdə bəzi məhsulların qiymətində artım müşahidə olunur və istehlakçılar bunun səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bir qrup hesab edir ki, qiymət artımı mövsümi xarakter daşıyır. Digərləri isə düşünür ki, bəzi hallarda süni qiymət artımı halları da baş verir və sahibkarlar bayram fürsətindən istifadə edərək qiymətləri qaldırırlar.

Bəs bayram günlərində ərzaq məhsullarının qiymət artımı daha çox mövsümi amillərlə, yoxsa süni qiymət artımı ilə bağlı olur? 

Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, bayramda ərzaq qiymətləri həm mövsümi tələbdən, həm də süni artımdan təsirlənir, təsir dərəcəsi isə bazara bağlıdır:

“Bayram günlərində ərzaq məhsullarının qiymət artımı həm mövsümi amillərlə, həm də bəzi hallarda süni qiymət artımı ilə bağlı ola bilər. Hansının daha çox təsir göstərməsi isə konkret bazar şəraitindən və nəzarət mexanizmlərindən asılıdır”.

İqtisadçı ekspert vurğulayır ki, əksər hallarda bayram günlərində qiymət artımı əsasən tələbin artması ilə bağlı mövsümi xarakter daşıyır:

“Bayram ərəfəsində şirniyyat, ət, çərəz, yağ, meyvə-tərəvəz və s. kimi məhsullara tələb kəskin şəkildə artır. Tələb artdıqda və təklif eyni səviyyədə qaldıqda qiymətin yüksəlməsi iqtisadi baxımdan təbii haldır. Bu, bazar mexanizminin nəticəsidir və “mövsümi bahalaşma” sayılır”.

media-inshot_20260223_184555227

R.Abdullayeva qeyd edib ki, bəzi situasiyalarda süni qiymət artımı halları da mümkündür:

“Bəzi satıcıların bayram psixologiyasından istifadə etməsi də geniş yayılmış təcrübədir. Yəni bəzi məhsullarda koordinasiyalı qiymət artımı müşahidə oluna bilər. Adətən bayramdan 1-2 həftə əvvəl qiymətlər yüksəlir. Real vəziyyəti qiymətləndirmək üçün topdansatış qiymətlərinə, təklif həcminə, dövlət nəzarət mexanizmlərinə nəzər salmaq lazımdır”.

Ekspertin sözlərinə görə, bayram ərəfəsində qiymət artımı həmçinin də, qonaqpərvərlik ənənələrimizlə bağlıdır:

“Nə qədər qəribə görünsə də, bayram ərəfəsində qiymətlərin yüksəlməsi ölkəmizdə bir qədər də mental dəyərlərlə bağlıdır. Biz bayram günlərində evimizə gələnləri ən yaxşı şəkildə qonaq etməyi sevirik. Yaxşı süfrə açmaq isə baha başa gəlir. Ümumiyyətlə, ölkəmizdə bayram günlərində ərzaq məhsullarının qiymət artımının əsas səbəbi tələbin artması (mövsümi faktor), ikinci dərəcəli səbəb isə bəzi hallarda süni qiymət manipulyasiyasıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər