O, Trampı Xameneini aradan qaldırmağa çağırdı
ABŞ senatoru, Respublikaçı Lindsi Qraham ABŞ Prezidenti Donald Trampı İranın Ali Dini Lideri Ayətullah Əli Xameneinin aradan qaldırılmasına çağırıb.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Lindsi Qraham İranda baş verən etirazlara münasibət bildirərkən Trampın etirazçılara verdiyi dəstəyi yüksək qiymətləndirib və Xameneini “getməli olan dəhşətli adam” kimi xarakterizə edib.
Senatorun sözlərinə görə, İran rejimi dinc insanlara qarşı zorakılıq tətbiq edir.
“Cənab Prezident, əgər mən sizin yerinizdə olsaydım, insanları öldürənləri aradan qaldırardım. Siz buna son qoymalısınız”, – deyə Lindsi Qraham bildirib.
Xatırladaq ki, İranda kütləvi etirazlar 2025-ci il dekabrın 28-də milli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və ölkədə dərinləşən iqtisadi problemlər əsasında başlayıb. Etirazlar qısa müddətdə Xamenei rejiminə qarşı yönəlib.
ABŞ Prezidenti Donald Tramp da etirazçılara açıq dəstək verərək, İran hökumətini onlara qarşı zorakılıqdan çəkinməyə çağırıb. Tramp bildirib ki, əgər Tehran etirazçılara qarşı sərt addımlar atarsa, ABŞ tərəfindən buna sərt cavab veriləcək.
Gülbəniz Səfərova






