Oğul və qız övladı arasında ayrı-seçkilik nələrə səbəb ola bilər? - Psixoloqdan AÇIQLAMA
Bəzi ailələrdə oğul və qız övladları arasında ayrı-seçkilik edilməsi hələ də müşahidə olunan hallardandır. Cəmiyyətdə tez-tez “ana oğlunu, ata isə qızını daha çox istəyir” kimi fikirlər səsləndirilir. Əslində isə valideyn sevgisi müqayisə üzərində qurulmamalıdır. Uşaqlar valideyn sevgisinin bərabər şəkildə bölüşdürülmədiyini hiss etdikdə bu, onların emosional inkişafına mənfi təsir göstərə bilər.
Bu fikirləri psixoloq Zeynəb Əyyubova Patrul.az-a açıqlamasında bildirib.
Psixoloq qeyd edib ki, ayrı-seçkilik bacı-qardaş münasibətlərində gizli rəqabət, qısqanclıq və inciklik yarada bilər:
“Daha çox diqqət görən uşaq özünü üstün hiss edə, digəri isə dəyərsiz və yetərsiz olduğunu düşünə bilər. Bu isə zamanla uşağın özünə inamının azalmasına, emosional gərginliyə və ailə daxilində konfliktlərə səbəb ola bilər. Xüsusilə uşaqlıq dövründə yaşanan bu hisslər gələcəkdə insanın münasibətlər qurmasına, özünü ifadə etməsinə və sosial davranışlarına təsir edə bilər”.
Z. Əyyubova əlavə edib ki, valideynlərin fərqində olmadan etdiyi bu davranışlar uşağın psixologiyasında travmatik izlər buraxa bilər:
“Sevilmədiyini və ya daha az dəyər gördüyünü hiss edən uşaq özünü sübut etməyə çalışa, ya da əksinə, içə qapanaraq emosional uzaqlaşma göstərə bilər. Bu da həm ailə münasibətlərinə, həm də uşağın şəxsiyyətinin formalaşmasına təsir edir.
Valideynlər üçün ən önəmli məqam hər bir uşağın fərdi xüsusiyyətlərini nəzərə alaraq sevgi və diqqəti balanslı şəkildə göstərməkdir. Uşaqlar arasında müqayisə aparmaqdan qaçmaq, hər birinin uğurunu və səylərini qiymətləndirmək sağlam ailə münasibətlərinin qurulmasına kömək edir. Unutmamalıyıq ki, uşaqlar üçün ən böyük psixoloji təhlükəsizlik hissi valideyn sevgisinin bərabər və şərtsiz olmasıdır”.
Ləman Sərraf






