media-inshot_20251009_210804102

Son statistikaya görə, Azərbaycanda əcnəbilərlə nikahların sayı artıq 1 570-ə çatıb. Bu il əvvəlki illərlə müqayisədə belə evliliklərin sayı daha çox müşahidə olunur və bu artım hələ də davam etməkdədir.

Bəs Azərbaycan vətəndaşlarının əcnəbilərlə evlənməsinin əsas səbəbləri nələrdir?

Sosioloq Elçin Bayramlı Patrulaz.az-a açıqlamasında bildirib ki, Azərbaycanda xarici vətəndaşlarla evliliklər təkcə sevgi münasibəti üzərində qurulmur, bəzi hallarda mənfəət yönümlü məqsədlərlə də həyata keçirilir:

“Bəli, son dövrlərdə əcnəbilərlə ailə qurulması halları artır. Hər nə qədər ötən illə müqayisədə cüzi azalma olsa da, ümumi tendensiyanı iri planda götürsək, məsələn, 40 il əvvələ nisbətən dəfələrlə yüksəkdir. Bunun çox fərqli səbəbləri var. Dünya qloballaşır, ölkələr bir-birinə qarışır, əlaqələr, gediş-gəlişlər artır. İnsanlar istər iş, istər təhsil məqsədilə fərqli millətlərdən olan şəxslərlə ailə qura bilirlər və burda problem yoxdur. Məqsəd ailə qurmaqdırsa, sevgi məsələsidirsə, bu heç bir problem yaratmır.

Amma çox təəssüf ki, bu halların bir çoxu başqa məqsədlərlə baş verir. Burada qadın alveri faktları, biznes maraqları, müəyyən ölkədə yaşamaq və işləmək üçün icazə almaq məqsədilə saxta evliliklər də mövcuddur. Bəzən isə məqsəd yalnız əmlaka sahib olmaqdır; məsələn, xarici ölkədə tənha bir şəxslə ailə qurulur ki, onun müəyyən əmlakı qalacaq. Azərbaycanda da belə hallar mövcuddur.

Buradakı problem mahiyyətdədir. Əcnəbilərlə, başqa ölkənin vətəndaşları ilə normal ailə qurmaqda problem yoxdur. Dünya qarışmalı, millətlər bir-biri ilə qaynayıb qarışanda daha sağlam və yaxşı nəsillər meydana gəlir. Bu normal haldır, amma məqsəd həqiqi ailə qurmaqdır. Normal prinsiplərə əsaslanan həqiqi ailə qurulması halları problem deyil. Amma dediyim digər məqsədlər üçün qurulan ailələr artıq qeyri-təbii və qeyri-mənəvidir. Bu artıq maddi, biznes məsələlərinə və ya hüquqi problemləri həll etmək üçün saxta evliliklərdir. Bu cür hallar qəbul edilməzdir və normal sayılmır. Mən hesab edirəm ki, bu məsələnin payı əhəmiyyətlidir. Ümumilikdə götürsək, əgər 70%-i həqiqi ailə qurulmasıdırsa, ən azı 30%-i dediyim səbəblərlə bağlı saxta, müvəqqəti, yalancı nigahlardır”.

media-inshot_20251009_211126433

E. Bayramlı sözlərinə görə, çox vaxt əcnəbi vətəndaşlarla saxta evliliklər qurulur. O vurğulayıb ki, bu cür halların qarşısı alınmalı və qanuni tədbirlər görülməlidir:

“Məsələyə diqqət yetirilməli, qanunsuzluq halları qarşısı alınmalı və insan hüquqları qorunmalıdır. Məsələn, hər hansı bir əcnəbi vətəndaş Azərbaycanda bir xanımla müvəqqəti yaşamaq üçün saxta evlilik edə bilər; 1-2 il sonra isə ayrılır. Artıq qadın tərk edilmiş vəziyyətdə qalır və ya 1-2 uşaqla birlikdə qalır, bu isə sosial və psixoloji problemlərə səbəb olur. Bu hallar insan cəmiyyətində həm sosial, həm hüquqi, həm də mənəvi baxımdan problemlər yaradır.

Bəzən saxta evlilik adı altında qadınlar və qızlar əxlaqsızlığa yönləndirilir. Məsələn, onları bəzi ərəb ölkələrinə və ya Türkiyəyə aparıb qanuni evlilik adı altında cinsi istismara məruz qoyurlar. Qadın alveri və qadınların biznes məqsədilə istismarı halları mövcuddur və minlərlə fakt var. Bu baxımdan həm insanlar özləri diqqətli olmalı, məsələlərə maddi yox, mənəvi yanaşmalıdırlar, həm də müvafiq orqanlar bu halları nəzarətdə saxlamalıdır. Hüquq pozuntuları və qanunsuzluq hallarında müəyyən tədbirlər görülməli, həm preventiv, həm də sonradan hüquqi tədbirlər tətbiq edilməlidir. Gənclərimiz və uşaqlarımız da bu mövzuda düzgün məlumatlandırılmalı və başa salınmalıdır ki, məqsədli şəkildə belə hallara yönəlməsinlər. Sağlam və normal şəkildə ailə qurulması heç bir problem yaratmır, amma digər hallarda ciddi problem ortaya çıxır və bunun qarşısı alınmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər