"Ölənlərin əksəriyyəti kubalı əsgərlər idi" - Trampdan Venesueladakı əməmiyyat barədə
ABŞ Prezidenti Donald Tramp yanvarın 3-də Venesuelanın paytaxtı Kalakasda həyata keçirilən hərbi əməliyyat barədə diqqətçəkən açıqlama verib.
Patrul.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Tramp Venesuela Prezidenti Nikolas Maduronun həyat yoldaşı ilə birlikdə həbs edilməsini hədəfləyən əməliyyata, ümumilikdə 152 ABŞ hərbi təyyarəsinin cəlb olunduğunu açıqlayıb.
ABŞ lideri bildirib ki, əməliyyat zamanı Amerika tərəfi heç bir itki verməyib. Bununla yanaşı, qarşı tərəfdən çoxsaylı itkilərin olduğunu etiraf edən Tramp ölənlərin böyük əksəriyyətinin kubalı hərbçilər olduğunu vurğulayıb:
“Bu kompleks bir idi. 152 təyyarə və çoxlu hərbçilər bu əməliyyatda iştirak etdi. Möhtəşəm idi. Bizim tərəfdə itki olmayıb, amma təəssüf ki, çox adam ölüb. Ölənlərin əksəriyyəti kubalı əsgərlər idi”.
Məsələyə ironik yanaşan Tramp qeyd edib ki, əməliyyat zamanı Venesuela ərazisində elektrik enerjisi tamamilə sıradan çıxarılıb:
“Əməliyyat zamanı demək olar ki, bütün Venesuelada elektrik sistemi çökdürüldü. İşığı olan adamlar sadəcə əlində şam olanlar idi”,- Tramp bildirib.
Nikolas Maduro barədə də sərt ifadələr işlədən ABŞ lideri, sabiq Venesuela prezidentini milyonlarla insanın ölümündə məsuliyyət daşımaqda ittiham edib.
Xatırladaq ki, ABŞ qüvvələri tərəfindən yanvarın 3-də Nyu-Yorka gətirilən Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Floresi federal məhkəmədə hakim qarşısına çıxarılıb. Onlara qarşı narkotik, silah və digər ağır cinayətlər üzrə ittihamlar irəli sürülüb.
Məhkəmədə həm Maduro, həm də Flores ittihamları rədd edərək, günahsız olduqlarını bildiriblər. Növbəti iclasın martın 17-də keçiriləcəyi bildirilir.






