Ölkəmizdə dövlət qurumlarına kiberhücumların sayı artıb
May ayında Azərbaycanın dövlət qurumlarına qarşı kiberhücumlar 61 % artıb.
Patrulaz.az xəbər verir ki, “Report”un Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu ilin yanvar-may ayları ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına qarşı 453 kiberhücum indikatoru (IOC) qeydə alınıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 24 % artım deməkdir.
Aşkarlanan kibertəhdidlərin 190-ı daxili texniki analizlər, 263-ü isə dövlət qurumlarının təqdim etdiyi insident məlumatlarının təhlili nəticəsində müəyyən edilərək qarşısı alınıb.
Təkcə may ayında 82 kiberhücum qeydə alınıb ki, bu da ötən ilin mayı ilə müqayisədə təxminən 61 % artıma işarə edir.
Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid bloklanıb. Eyni zamanda, son istifadəçilərin cihazlarında qurulmuş mərkəzləşdirilmiş antivirus sistemi ilə 4 milyon 480 min 400 təhlükəli obyekt zərərsizləşdirilib, “Sandbox” təhlükəsizlik sistemi vasitəsilə isə 195 082 zərərli tərkibli elektron sənədin qarşısı alınıb.






