Ölkəmizdə ölüm cəzası tətbiq edilə bilərmi? - Vəkildən AÇIQLAMA
Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da qadın və uşaqlara qarşı zorakılıq halları çoxluq təşkil edir. Bu kimi ağır cinayətlərin qarşısını almaq üçün cəmiyyət bəzən daha sərt cəzaların tətbiqini müzakirə edir. Maraqlıdır, ölkəmizdə ölüm cəzasının bərpası mümkün ola bilərmi?
Bu barədə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayev Patrulaz.az-a açıqlamasında bildirib ki, müharibə dövrü istisna olmaqla, Azərbaycanda ölüm cəzasının bərpası nəzərdə tutulmur:
“2001-ci ilin dekabrında Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasını, 6 saylı protokolla birlikdə imzalayaraq, ratifikasiya edib. 6 saylı protokol isə ölüm cəzasının ləğvini nəzərdə tutur. Lakin istisna olaraq burada qeyd olunur ki, aşkar müharibə təhdidi zamanı üzv dövlət ölüm cəzasını bərpa edə bilər. İndiyə qədər həmin qayda qüvvədədir.
Azərbaycan bu əlavəni 2023-cü ildə imzalayıb. Amma həmin əlavə Azərbaycan üçün qüvvəyə minməyib. Çünki, Milli Məclis əlavəni ratifikasiya etməyib. 13 saylı əlavə bütün hallarda, hətta müharibə dövründə ölüm cəzasının tətbiq edilməsini istisna edən bir protokoldur. Yəni müharibə dövrü istisna olmaqla, Azərbaycanda ölüm cəzasının bərpası nəzərdə tutulmur. Bu əsasda Azərbaycan 44 günlük müharibə dövründə ölüm cəzasını bərpa edə bilərdi, amma etmədi. Deməli, buna hüququ olsa da, Azərbaycanda ölüm cəzasının hər hansı bir formada bərpası nəzərdə tutulmur.
Qadın və uşaqlara qarşı ağır cinayətlərə görə ölüm cəzasının bərpası Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd ola bilər”.
Nəticə olaraq, qadın və uşaqlara qarşı ağır cinayətlər cəmiyyətdə ciddi narahatlıq yaratsa da, Azərbaycanın beynəlxalq öhdəliklərinə görə ölüm cəzasının bərpası mümkün görünmür.
Cəmilə Cəfərzadə






