“Ölkənin kənd təsərrüfatı bu gün prioritet sahələrdən sayılır” – DEPUTAT DANIŞDI
“Kənd təsərrüfatı sahələri üçün kadrların hazırlanmasında Azərbaycan Dövlət Aqrar Universitetinin rolu əhəmiyyətlidir. Universitetin şəbəkəsi son illər ərzində xeyli genişləndirilmiş və tələbələrin sayı əvvəlki illərə nisbətən xeyli artmışdır. Uzun illər sözügedən təhsil ocağı peşəkar, hazırlıqlı kənd təsərrüfatı kadrlarının hazırlanmasında müstəsna rol oynayır və bu da ölkənin kənd təsərrüfatının inkişafı üçün çox faydalıdır. Bu gün universitetdə nəinki Azərbaycan gəncləri, bir çox xarici ölkələrin vətəndaşları təhsil alır, öz hazırlıqlarını təkmilləşdirirlər”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, durğunluq illərində universitetin fəaliyyətində bir çox problemlər yaranmışdır: “Yaxşı haldır ki, sonrakı illərdə vəziyyət tamamilə yaxşılığa doğru dəyişmişdir. Ölkə rəhbərinin qayğı və diqqəti sayəsində universitetdə bir çox tədris proqramlarının, eləcə də kənd təsərrüfatı ilə əlaqədar olan layihələrin həyata keçirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Bu gün sahibkarlığın inkişaf etdirildiyi və ona dövlət tərəfindən böyük qayğı göstərildiyi bir zamanda kadrların hazırlığına böyük ehtiyac var. Bu bir həqiqətdir ki, hazırkı dövrdə peşəkar aqronomlar, mexaniklər, baytar həkimləri azlıq təşkil edir. Bu da ölkənin kənd təsərrüfatında müəyyən çətinliklər yaradır. Kənd təsərrüfatının inkişaf etdirilməsi kadrların hazırlığı və peşəkarlığından çox asılıdır. Sevindirici haldır ki, son illərdə bu istiqamətdə həyata keçirilən tədbirlər və universitetin fəaliyyətinə verilən qiymət, göstərilən qayğı öz yaxşı nəticələrini verir.
Universiteti bitirinlərin işlə təmin olunması, onların öz biliklərini təcrübəyə tətbiq etməsi işə götürənlərdən çox asılıdır və gənc kadrlara üstünlük verilməsi, gənclərin bu peşələrə marağının artmasına stimul yarada bilər. Bu gün peşəkar, hazırlıqlı kənd təsərrüfatı məhsullarına ehtiyac böyükdür. Bu mütəxəssislərin əksəriyyəti universiteti bitirdikdən sonra işlə təmin olunur və öz bilik-bacarıqlarını kənd təsərrüfatının inkişafına yönləndirə bilirlər.
Ölkənin kənd təsərrüfatı bu gün prioritet sahələrdən sayılır və son illərdə aqrar sektorun inkişafı sözügedən sahədə kadrların ixtisaslaşmasının daha yaxşı nəticələr verə biləcəyini göstərir”.
Səbinə Hüseynli