"Ölkənizdə nə baş verir?" - Fransada süni intellektin yaratdığı saxta video Makronu təşvişə saldı
Fransa Prezidenti Emmanuel Makron süni intellekt vasitəsilə ölkəsində çevriliş baş verdiyini göstərən video ilə bağlı narazılığını ifadə edib.
Patrul.az yerli KİV-ə istinadla xəbər verir ki, Makron bu barədə Marseldə “La Provence” qəzetinin təşkil etdiyi tədbirdə çıxışı zamanı danışıb.
Prezident bildirib ki, sözügedən videodan afrikalı rəsmi nümayəndələrindən birinin ona göndərdiyi “Hörmətli Prezident, ölkənizdə nə baş verir? Mən çox narahatam” məzmunlu mesajdan sonra xəbərdar olub.
Makronun sözlərinə görə, “Facebook” platformasında milyonlarla dəfə izlənilən süni intellektlə hazırlanmış video bir çox insanı Fransada çevriliş baş verdiyinə inandırıb.
O qeyd edib ki, dezinformasiya yayan həmin videonun silinməsi üçün “Facebook” rəhbərliyinə müraciət edilib. Lakin sosial şəbəkə görüntünün “xidmət şərtlərini pozmadığını” əsas gətirərək silinməsindən imtina edib.
Makron bu cür saxta videoların yayılmasının qarşısının alınmamasını demokratiyalar üçün “ciddi təhlükə” adlandırıb və sosial mediada dezinformasiyaya qarşı mübarizənin vacibliyini vurğulayıb.
Prezident əlavə edib ki, bu istiqamətdə mübarizə həm milli səviyyədə, həm də Avropa İttifaqı (Aİ) çərçivəsində qətiyyətlə davam etdiriləcək.
Sözügedən videoda məşhur Eyfel qülləsinin yaxınlığında, arxa planda silahlı əsgərlərin, polis əməkdaşlarının və insanların olduğu bir mühit əks olunub. Kadrlarda jurnalist əlində mikrofonla Fransada guya baş vermiş “çevriliş” barədə xəbər təqdim edir.
Patrul.az həmin videonu təqdim edir:
Gülbəniz Səfərova






