Pensiyaya çatmamış həyatdan köçürlər: Azərbaycanda pensiya yaşı azaldıla bilərmi? - RƏY
Son illər Azərbaycanda ölüm yaşı artıb, pensiya yaşı isə azaldılmır. Pensiya yaşının 65 olması yaşlı şəxslərin o yaşa çatmadan vəfat etməsinə səbəb olur. Bu da cəmiyyətin yaşlı təbəqəsi arasında geniş müzakirələrə səbəb olur. Bəs pensiya yaşı nə vaxtsa azaldıla bilərmi?
Bununla bağlı Patrul.az-a sosioloq Üzeyir Şəfiyev fikirlərini bölüşüb. Onun sözlərinə görə, pensiya yaşı orta ömür uzunluğu ilə müəyyən edildiyindən onun aşağı salınması hazırda real görünmür:
“Pensiya yaşı adətən orta ömür uzunluğu əsasında müəyyən edilir. Azərbaycanda orta ömür uzunluğu 75 yaşdır. Bu isə o deməkdir ki, mövcud şəraitdə pensiya yaşının aşağı salınması deyil, əksinə, yüksək olması müşahidə olunur. Pensiya kapitalı minimum pensiya məbləğini təmin etmədikdə, adətən stajdan asılı olmayaraq əlavə tələblər qoyulur. Bu halda minimum 25 il əmək stajı tələb olunur”.
Kişilərlə qadınların pensiya yaşının iyul ayında bərabərləşəcəyini deyən sosioloq, pensiyaya çıxana qədər dövlətin bu sahədə ehtiyacı olan şəxslərə göstərdiyi dəstəkdən də danışıb:
“Kişilərlə qadınların pensiya yaşı iyul ayında bərabərləşəcək. Hazırda qadınlar kişilərlə müqayisədə pensiyaya daha tez çıxırlar. Qanuna əsasən, 2026-cı ilin 1 iyul tarixindən etibarən qadınlar da kişilərlə eyni yaşda pensiyaya çıxacaqlar.
Yüngülləşdirilmiş pensiya hüquqları da mövcuddur. Beş və daha çox uşağı olan analar, sağlamlıq imkanları məhdud uşaqları böyüdən şəxslər, həmçinin zərərli şəraitdə çalışanlar üçün pensiya yaşı azaldıla bilər”.

Həmsöhbətimiz vəfat etmiş şəxslərin pensiya vəsaitlərinin taleyinə də aydınlıq gətirib:
“Azərbaycanda vəfat edən kişilərin təxminən 48 faizi pensiya yaşına çatmadan dünyasını dəyişir. Bu isə “”onların pensiya kapitalında yığılan vəsaitlər hara gedir?”” sualını aktuallaşdırır. Əgər vəfat etmiş şəxsin həyat yoldaşının pensiyası daha azdırsa, həmin vəsait onun hesabına köçürülür. Əgər 18 yaşına çatmamış övladları varsa, bu vəsait onlara yönəldilir. Həmçinin 12 ildən artıq pensiya alan şəxslər də bu kapitaldan istifadə edə bilirlər. Buna görə də hesab edirəm ki, pensiya yaşının aşağı salınması hələlik ciddi müzakirə mövzusu deyil. Bu məsələ daha çox fragmentar şəkildə ictimai müzakirələrdə səsləndirilir”.
Gülbəniz Səfərova






