Onun bu fotosu "Qalatasaray"ı məhkəməlik etdi
2023–2024 mövsümü UEFA Çempionlar Liqasında “Mançester Yunayted”ə qarşı vurulan qoldan sonra “Qalatasaray”ın hücumçusu Mauro İkardinin çəkilmiş fotosu məhkəmə çəkişməsinə səbəb olub.
Patrul.az xəbər verir ki, sözügedən fotonu paylaşdığı üçün “Qalatasaray” futbol klubu məhkəməyə verilib. İddiaçı tərəf fotonun müəllifi olduğunu bildirən fotoqraf Tolqa Ovalıdır.
Fotoqraf iddia edir ki, İkardinin qol sevincini əks etdirən həmin şəkil onun icazəsi olmadan klubun rəsmi platformalarında istifadə edilib və bu da ona ciddi maddi ziyan vurub. Bu əsasla Tolqa Ovalı “Qalatasaray” klubuna qarşı 500 min türk lirəsi məbləğində təzminat tələbi irəli sürüb.
Məlumata görə, Ovalı müvafiq ərizəni İstanbul Əqli Mülkiyyət Hüquqları Məhkəməsinə təqdim edib. İş üzrə məhkəmə prosesinin yaxın günlərdə başlaması gözlənilir.
Qeyd edək ki, iddiaya səbəb olan foto Mauro İkardinin Çempionlar Liqasında vurduğu qoldan sonra yaşadığı ani sevinc anını əks etdirir və sosial mediada geniş yayılıb.

Gülbəniz Səfərova






