media-inshot_20260415_182433944

“Zərifə Əliyeva yalnız böyük alim deyil, o, həm də əsl ziyalı örnəyidir. Onun həyat fəlsəfəsində insan amili hər şeydən üstün tutulurdu. “Həkim insanın ən doğma adamıdır” deyən Zərifə xanım bu fikri bütün fəaliyyəti ilə təsdiqləyirdi. O, xəstələrinə sadəcə tibbi yardım göstərmir, onlara mənəvi dayaq olurdu. Onun səmimiyyəti, qayğıkeşliyi və insana olan dərin sevgisi həmkarlarının, tələbələrinin və minlərlə xəstəsinin yaddaşında silinməz iz qoymuşdur”.

Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova Zərifə Əliyevanın anım günü ilə bağlı öz təəssüratlarını Patrul.az-a bölüşərkən deyib.

Deputat bildirib ki, Zərifə Əliyeva ailəsində yaratdığı yüksək mənəvi dəyərlər və güclü dayaqla həm Heydər Əliyevin uğurlarına töhfə vermiş, həm də İlham Əliyevin formalaşmasında mühüm rol oynamışdır:

“Bu böyük qadının həyatı yalnız elm və səhiyyə ilə məhdudlaşmırdı. O, həm də görkəmli dövlət xadimi Heydər Əliyevin həyat yoldaşı idi. Bu ailə yüksək mənəvi dəyərlərin, qarşılıqlı hörmətin və dəstəyin nümunəsi kimi tarixə düşdü. Ulu Öndərin də vurğuladığı kimi, onun dövlət fəaliyyətində qazandığı uğurların arxasında məhz Zərifə xanımın yaratdığı ailə mühiti, mənəvi dayaq dayanırdı. Bu, onun həyat yoldaşı kimi nə qədər müdrik, sədaqətli və güclü bir qadın olduğunu göstərir.

Eyni zamanda o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası kimi də yüksək mənəvi dəyərlərin daşıyıcısı olmuşdur. Cənab İlham Əliyevin xatirələrində anasının şəxsiyyəti sadəcə bir valideyn kimi deyil, həm də həyat dərsi verən bir müəllim kimi canlanır. Onun ailəsində yaratdığı tərbiyə mühiti, övladlarına aşıladığı humanizm, məsuliyyət və Vətənə bağlılıq bu gün də öz bəhrəsini verməkdədir”.

media-inshot_20260415_181920926

E.Akimova qeyd edir ki, Z. Əliyeva elmi, ictimai fəaliyyəti və yetişdirdiyi kadrlarla Azərbaycan səhiyyəsində silinməz iz qoyaraq insanlara nur bəxş edən unudulmaz şəxsiyyət kimi yadda qalmışdır:

“Zərifə Əliyeva ictimai fəaliyyəti ilə də seçilirdi. O, müxtəlif elmi və ictimai qurumlarda fəal iştirak edir, səhiyyənin inkişafı, həkim kadrlarının hazırlanması üçün böyük zəhmət sərf edirdi. Onun rəhbərliyi altında yetişən gənc həkimlər bu gün də onun yolunu davam etdirir, onun məktəbini yaşadırlar. Yazdığı monoqrafiyalar, dərs vəsaitləri və elmi əsərlər isə tibb elminin qızıl fonduna daxil olmuşdur.

Bu zəngin və mənalı ömür 1985-ci ilin 15 aprelində başa çatdı. Lakin onun adı, gördüyü işlər və insanlara bəxş etdiyi nur bu gün də yaşayır. 1994-cü ildə nəşinin Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunması xalqın ona olan sonsuz ehtiramının təcəssümü idi.

Bu gün Zərifə Əliyeva adı yalnız tarix kitablarında deyil, həm də müasir Azərbaycanın səhiyyə sistemində yaşayır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi bu irsin davamçısı kimi fəaliyyət göstərir, minlərlə insana işıq bəxş edir. Onun həyatı bir daha sübut edir ki, əsl böyüklük yalnız elmi nailiyyətlərlə ölçülmür. Əsl böyüklük insanlara verdiyin işıqda, toxunduğun talelərdə, qoyduğun mənəvi izdədir. Zərifə Əliyeva məhz belə bir ömür yaşadı – insanlara nur bəxş edən, qaranlıqları işığa çevirən, adı hörmət və ehtiramla anılan əbədi bir ömür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər