Öz ürək döyüntünüzü belə eşidə biləcəyiniz dünyanın ən səssiz otağı - MARAQLI
Səs insan həyatının ayrılmaz hissəsidir. Səhərlər bizi avtomobillərin uğultusu, quşların səsi və ya şəhərin ritmi oyadır. Gün ərzində küçədə küləyin vıyıltısı, insanların danışığı, iş mühitində isə fasiləsiz səslər beynimizi yorar. İnsan yalnız gecə, evinə çəkildikdə səssizliyə qovuşduğunu düşünür. Lakin maraqlı bir həqiqət var: həddindən artıq sükut insan üçün rahatlıq deyil, əksinə narahatlıq yarada bilər.
Məhz bu səbəbdəndir ki, dünyanın ən sakit otağında indiyədək heç kim bir saat belə qala bilməyib.
Patrul.az dünyanın ən sakit otağı barədə maraqlı məlumatları oxucularına təqdim edir:
İki il ərzində dizayn edilən bu xüsusi otaq sükutun sərhədlərini yoxlamaq məqsədilə inşa olunub. İlk baxışdan bura səs-küydən qaçıb kitab oxumaq, düşünmək və ya çay içmək üçün ideal məkan təsiri bağışlaya bilər. Amma reallıq tam fərqlidir. Çox az insan bu otaqda uzun müddət qalmağa dözə bilir.
Təsəvvür edin: Tam səssiz bir mühitdəsiniz və yanınızdakı birinin qəfildən ucadan yemək yeməyə başladığını eşidirsiniz. Dişləmə, çeynəmə və udma səslərindən başqa heç nə yoxdur. Bu səslər getdikcə dözülməz olur. Dünyanın ən sakit otağında yaşanan hisslər də məhz buna bənzəyir.Bu otaq o qədər səssizdir ki, burada kənar səslər demək olar ki, mövcud deyil. İnsan bir müddət sonra öz qanının axışını, ürək döyüntülərini, qulaqlardakı zəif cingiltini, hətta sümüklərin bir-birinə sürtünmə səslərini belə eşitməyə başlayır. Məhz buna görə də bu otaqda fasiləsiz olaraq dözülən ən uzun müddət cəmi 55 dəqiqə olub.

Laboratoriya şəraitində səssiz otaqlar üzərində araşdırmalar aparan mütəxəssis Stiv Orfild bildirir ki, zaman keçdikcə insan bədəni bu ifrat sükuta reaksiya verir:
“Ürək döyüntülərinizi eşidirsiniz, bəzən ağciyərlərinizin işlədiyini, mədənizin guruldadığını hiss edirsiniz. Sakit bir otaqda insanın özü səsə çevrilir”.
Orfildin sözlərinə görə, kənardan heç bir səs gəlmədikdə insanın tarazlığı pozulur, hətta hərəkət etmək belə çətinləşir:
“Əgər bu otaqda yarım saat qalmağı planlaşdırırsınızsa, mütləq oturmalısınız”.

Bəs bu otaq necə səs keçirmir?
İnsan faktorları üzrə baş mühəndis Qopalun sözlərinə görə, otaq altı qat beton və polad təbəqədən ibarətdir. Bu quruluş onu xarici səslərdən tam izolyasiya edir. Otaq daxilində əks-sədanın 99,99 faizini udmaq qabiliyyətinə malikdir. Effekt o qədər güclüdür ki, hətta şarın partlama səsi belə demək olar ki, eşidilmir.
Kamera, eyni zamanda, titrəmələri minimuma endirən xüsusi yaylar üzərində qurulub. Məhz bu texniki xüsusiyyətlərinə görə otaq “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən səssiz yeri kimi daxil edilib. Buradakı səs səviyyəsi insan qulağının eşidə biləcəyindən 20 desibel aşağıdır. Hazırda bu otaq əsasən yeni audio texnologiyaları üzrə elmi tədqiqatlar üçün istifadə olunur.

Səs-küydən qaçmaq istədiyimizi desək də, tam sükutla üz-üzə qalmağa nə qədər hazırıq? Bəlkə də insan üçün ideal rahatlıq sükutla səslər arasındakı tarazlıqdır.






