Pakistanda hərbi düşərgəyə silahlı hücüm: Ölənlər və yaralananlar var
Pakistanın şimal-qərbində yerləşən hərbi düşərgəyə silahlı hücum edilib.
Patrul.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə mayın 14-ü axşam saatlarında ölkənin Əfqanıstanla sərhəd xəttində yerləşən Bajaur rayonundakı hərbi skaut düşərgəsinin kəşfiyyat qərargahında baş verib.
Terrorçular əvvəlcə partlayıcı maddələrlə yüklənmiş yük avtomobilini düşərgənin əsas giriş qapısına çırparaq partladıblar.
Bildirilib ki, güclü partlayış dalğası hadisə yerindən 20 kilometr uzaqlıqdakı yaşayış məntəqələrində də eşidilib. Partlayışın ardınca ağır silahlarla təchiz olunmuş yaraqlı qrup düşərgəyə daxil olaraq hərbçilərə atəş açıb.
Hadisə nəticəsində 1 mülki şəxs də daxil olmaqla ümumlikdə 8 təhlükəsizlik əməkdaşı həlak olub. Yaralanan 35 hərbi qulluqçu isə ilkin tibbi yardımdan sonra xüsusi reyslə mərkəzi xəstəxanalara təxliyə ediliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Pakistan Silahlı Qüvvələrinin vaxtında cavab atəşi açması nəticəsində terrorçuların bazanın daxilinə sızmasının qarşısı alınıb. Baş verən şiddətli atışmada hücumda iştirak edən 10 nəfərə yaxın yaraqlının hamısı məhv edilib.
Hazırda hadisənin baş verdiyi ərazi tam mühasirəyə alınıb, bölgədə genişmiqyaslı təmizləmə və antiterror əməliyyatları davam etdirilir. Hücumun məsuliyyətini ölkədə qadağan olunmuş “Tehreek-e-Taliban Pakistan” (TTP) qruplaşması öz üzərinə götürüb.
Gülbəniz Səfərova






