Pakistanda qatar hücumu: 190 sərnişin xilas edilib, 30 hücumçu öldürülüb
Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətində təxminən 450 nəfərin olduğu qatarın silahlı şəxslər tərəfindən dayandırıldığı və sərnişinlərin girov götürüldüyü əməliyyatda 190 sərnişinin xilas edildiyi, 30 hücumçunun zərərsizləşdirildiyi bildirilib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəlucistanın Kvetta şəhərindən Hayber-Paxtunxva əyalətinin Peşəvər şəhərinə gedən qatarın silahlı şəxslər tərəfindən dayandırılması və sərnişinlərinin girov götürülməsindən sonra təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyat davam edir.
Təhlükəsizlik mənbələri qarşıdurmada 190 sərnişinin hücumçulardan xilas edildiyini, 30 hücumçunun isə öldürüldüyünü bildirib.
Mənbələr hücumçuların qadın və uşaqların da olduğu girovların yanına kamikadzeləri yerləşdirdiyini bildirib.
Əməliyyatın son dərəcə ehtiyyatla aparıldığını bildirən mənbələr 37 nəfərin yaralandığını və müalicə üçün xəstəxanaya göndərildiyini açıqlayıb.
“Dawn” qəzetinin məlumatına görə, indiyədək itkilərin sayı təsdiqlənməsə də, səlahiyyətlilər qarşıdurmalarda 8-i təhlükəsizlik işçisi olmaqla 10 nəfərin həyatını itirdiyini açıqlayıb.
Dəmir yolu rəsmiləri təxminən 750 sərnişinin rezervasiya etdiyini, lakin qatarın təxminən 450 nəfərlə Kvettadan ayrıldığını qeyd edib.