“Bizim paylaşılacaq təcrübəmiz var” - SİYASİ ŞƏRHÇİ
“Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri, bütövlükdə Balkanlar, xüsusilə də keçmiş Yuqoslaviya bölgəsi ilə Azərbaycan arasında münasibətlərin daha da intensivləşməsinə əlavə stimul verəcək. Azərbaycanın sözügedən bölgə ilə çox yaxşı münasibətləri var. Xüsusilə də Serbiya, Bosniya və Herseqovina ilə Azərbaycan gözəl münasibətlər qurub”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
O bildirib ki, Şimali Makedoniya Azərbaycan kimi yeni müstəqillik qazanmış bir dövlətdir: “Təbiidir ki, belə olan halda onlarla münasibətlərin daha üst səviyyəyə daşınmasına ehtiyac var. Eyni zamanda xüsusi olaraq vurğulamaq lazımdır ki, Şimali Makedoniyada kifayət qədər aktiv, ictimai-siyasi proseslərdə fəal olan türk toplumu var. Bu da Azərbaycan üçün olduqca vacibdir. Çünki biz sadəcə müstəqil dövlət kimi deyil, həmçinin Türk coğrafiyasının bir parçası kimi məsələlərə yanaşırıq. Bu baxımdan da hər iki ölkə üçün münasibətlərin daha da inkişaf etdirilməsi faydalı olacaq.
Üstəlik Şimali Makedoniya da müstəqilliyini yeni qazanmış ölkələrdəndir. Bu mənada da bizim paylaşılacaq təcrübəmiz var, qarşılıqlı fikir alış-verişi mümkündür. Bütün bunları nəzərə alsaq, Şimali Makedoniya prezidentinin Azərbaycana səfərinin nə qədər əhəmiyyətli olduğunu görmüş olarıq”.