Papa son nəfəsinə qədər onlara zəng vurdu…
Roma yepiskopu olan Papa Fransisk son günlərinə qədər Qəzzalı xristianlara zəng etməyə davam edib.
Patrulaz.az “CNN”ə istinadən xəbər verir ki, müharibə vəziyyətində yaşayan qəzzalı xristianlar üçün Papa Fransiskin hər gecə etdiyi telefon zəngləri həyatla ümid arasında körpü oldu.
Qəzzanın yeganə katolik məbədi olan Müqəddəs Ailə Kilsəsinin keşişi Ata Qabriel Romanellinin CNN-ə verdiyi məlumata görə, Papa Fransisk 18 ay ərzində, müharibənin ilk günündən son anlarına qədər hər axşam saat 20:00-da Qəzzaya zəng vurub. Əksər zənglər 15 dəqiqə davam edib və bu müddətdə o, həm kilsə rəhbərləri, həm də sığınacaq tapan fələstinli ailələrlə danışıb.
“Bir il yarım ərzində bu dəhşətli müharibə zamanı hər gün bizə zəng edərək sülh çağırışı edir, Qəzza xalqına xeyir-dua verirdi”, – deyə Ata Romanelli bildirib.
Xristian sakini Musa Antone isə Papa haqqında bu sözləri deyib: “O, həm xristianları, həm də müsəlmanları soruşan imanlı bir insan idi. Biz bədənini itirdik, amma ruhunu heç vaxt itirməyəcəyik”.
Xatırladaq ki, Xristian dünyası üçün müqəddəs şəxs sayılan Papa Fransisk 21 aprel, 2025-ci ildə vəfat etdi.
Qeyd edək ki, Qəzzada təxminən 1400 xristian müharibə şəraitində yaşayır. Papa ağır xəstə olmasına baxmayaraq, ölümündən bir gün əvvəl kilsəyə son zəngini edib. Bu zəng isə cəmi 30 saniyə çəkib.
Gülbəniz Səfərova