"Parada hücum Kiyevin süqutuna səbəb ola bilər" - Zelenskiyə cavab
Ukrayna Prezidenti Volodimir Zelenski Moskvada 9 May Qələbə Günü münasibətilə keçiriləcək parada dair səsləndirdiyi fikirlərə cavab verilib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, kiprli jurnalist Aleks Xristoforu öz “YouTube” kanalında Ukraynanın Qələbə Günü paradını pozacağı təqdirdə onu hansı nəticələrin gözlədiyini açıqlayıb.
Aleks Xristoforu Zelenskini “Yaşıl Qoblin” adlandıraraq bildirib ki, bu cür təhdidlər Ukrayna üçün fəlakətli nəticələrə səbəb ola bilər:
“Yaşıl Qoblin Rusiyanı Moskva paradına hücumla hədələməyə qərar verib. Siz nə edirsiniz? Kiyevi itirmək və cavab zərbəsindən sonra Ukraynanın təslim olmasını sürətləndirmək istəyirsiniz?” – deyə jurnalist qeyd edib.
Sonda o vurğulayıb ki, məsələ diplomatik yollarla həll olunmalıdır:
“Biz onu diplomatiyaya sövq etməli və PUA-ların 9 mayda Moskvaya uçmasının qarşısını almalıyıq”.
Xatırladaq ki, Volodimir Zelenski dünən İrəvanda keçirilən Avropa Siyasi Birliyinin (ASB) 8-ci sammitində çıxışı zamanı 9 may paradı günü Ukrayna PUA-larının Moskva səmasında görünə biləcəyini istisna etməyib.
Rusiya Müdafiə Nazirliyi bu açıqlamaları “birbaşa təhdid” adlandırıb. Moskva tərəfi bəyan edib ki, əgər 9 mayda hər hansı hücum cəhdi olarsa, Ukraynanın paytaxtı Kiyevin mərkəzinə kütləvi raket zərbəsi endiriləcək.
ABŞ və Çin kimi ölkələr isə tərəfləri təmkinli olmağa və parad günü hər hansı provokasiyadan çəkinməyə çağırıb.
Gülbəniz Səfərova






