media-inshot_20250904_174827290

Sentyabrın 4-də Fransanın Yelisey sarayında Ukrayna Prezidenti Vladimir Zelenkinin iştirakı ilə “könüllülər koalisiyası” keçirilib. Bu görüşdə Avropa Liderlərindən Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Polşanın Baş Naziri Donald Tusk və ABŞ elçisi Witkoff və digərləri də iştirak ediblər. ABŞ Prezidenti Donald Tramp isə görüşə telefon zəngi ilə qoşulub.

Maraqlıdır ki, Avropa liderlərinin Rusiya Prezidenti Vladimir Putinin Zelenski ilə yalnız Moskvada görüşə hazır olmasına cavabından sonra bir araya gəlməsi təsadüfmüdür? Yoxsa Putinə dediklərinə cavab olaraq, siyasi mesaj məqsədlidir?

Avropa liderlərinin Fransada bir araya gəlməsinin əsas məqsədini Patrulaz.az – a politoloq Tural İsmayılov açıqlayıb. Onun sözlərinə görə, liderlər Putinin Ukraynaya qarşı sərgilədiyi son münasibətinə cavab olaraq bir araya gəliblər:

“Parisin Yelisey sarayında Ukrayna və “könüllülər koalisiyası”na daxil olan ölkələrin liderləri, eləcə də Avropanın yüksək rütbəli rəsmilərinin iştirakı ilə keçirilən görüş Moskvanın son açıqlamalarına və Putinin Ukraynaya dair ritorikasına birbaşa cavabdır. Kremlin hərbi və siyasi təhdidləri, eləcə də Ukraynanın suverenliyinə dair şübhəli mesajları Qərb ölkələrini birləşməyə və mövqelərini nümayiş etdirməyə vadar edib. Bu görüşdə əsas məqsəd həm Ukrayna lideri Zelenskinin beynəlxalq dəstəyi gücləndirməsi, həm də koalisiyaya üzv ölkələrin birgə hərbi və iqtisadi koordinasiyasını təmin etməkdir”

media-thumb

T. İsmayılovun fikrincə, Zelenskinin bu görüşdə yer alması məqsədlidir. Yəni, bu yolla liderlər Zelenskinin tək olmadığını göstərməyə çalışırlar:

“Zelenskinin iştirakı simvolik və strategiya baxımından çox önəmlidir. Simvolik olaraq, o, Avropaya göstərir ki, Ukrayna tək deyil və Kremlin təzyiqləri qarşısında diplomatik təcridə məruz qalmır. Praktiki olaraq isə görüş çərçivəsində tərəflər birgə strategiyalar, maliyyə dəstəyi, hərbi hazırlıq və beynəlxalq kommunikasiya planları üzərində razılaşa bilərlər. Bu, həm də Avropanın Moskvanın ritorikasına vahid və qəti reaksiya verdiyini nümayiş etdirir.

Eyni zamanda görüş Avropaya və beynəlxalq ictimaiyyətə açıq mesajdır: Rusiya təhdid və ultimatumlarla regiondakı status-kvonun dəyişməsinə nail ola bilməz. Koalisiya üzvlərinin birliyi göstərir ki, Ukrayna beynəlxalq dəstək alır, eləcə də strateji addımlarını koordinasiya edir. Bu, Moskvanın Ukraynaya dair hər hansı siyasi və ya hərbi addımını neytrallaşdırmaq üçün vacib diplomatik manevrdir.

Yelisey görüşü həm Ukraynanın suverenliyini gücləndirən, həm də Qərb koalisiyasının birliyini göstərən diplomatik platformadır. Putinin açıqlamaları fonunda bu görüş, Moskvanın ritorikasını balanslaşdıran və Ukraynanın beynəlxalq dəstəyini möhkəmləndirən əhəmiyyətli addım hesab olunur”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər