Paşinyan: "Azərbaycanla delimitasiya şimaldan cənuba doğru davam etdiriləcək"
“Erənistan və Azərbaycan delimitasiya prosesinin şimaldan cənuba doğru davam etdirilməsi barədə razılığa gəliblər”.
Patrul.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Paşinyan delimitasiya prosesinin möhkəm hüquqi bazaya söykəndiyini qeyd edib. O bildirib ki, 2024-cü ilin avqustunda imzalanmış və oktyabr ayında hər iki ölkə tərəfindən təsdiqlənmiş, delimitasiya komissiyalarının birgə fəaliyyəti haqqında qaydalara uyğun olaraq, iki ölkə arasında delimitasiyanın əsas prinsipi kimi Almatı Bəyannaməsi qəbul edilib:
“Ermənistan və Azərbaycan arasında delimitasiyanın əsas prinsipi kimi qəbul edilib. Bu, Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı mövcud inzibati sərhədlərin dövlət sərhədi kimi yenidən tanınması deməkdir”, – deyə baş nazir vurğulayıb.
Paşinyanın sözlərinə görə, qəbul edilmiş qaydalar delimitasiya zamanı ortaya çıxa biləcək məsələlər üzrə qarşılıqlı məqbul həllərin tapılmasına imkan verir. O, artıq delimitasiya olunmuş ərazilərdə sərhədlərin tam müəyyənləşdirilməsinin və prosesin şəffaf şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb:
“Artıq dərc olunmuş razılaşmamız var ki, delimitasiya şimaldan cənuba doğru aparılacaq. Aydındır ki, delimitasiya aparılmış ərazilərdə sərhədlər müəyyən edilməli və bu proseslər delimitasiya çərçivəsində şəffaf şəkildə həyata keçirilməlidir”, – deyə Paşinyan yekunlaşdırıb.






