media-inshot_20251225_151119815

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə minnətdarlığını bildirməsinin səbəblərini açıqlayıb.

Patrul.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, onun Azərbaycan Prezidentinə təşəkkürü tamamilə məntiqli və konkret amillərə əsaslanır.

Cümə axşamı hökumət iclasından sonra jurnalistlərin suallarını cavablandıran Nikol Paşinyan baş verən proseslərin süni şəkildə mürəkkəbləşdirilməsini tənqid edib:

“Mən müşahidə etmişəm ki, biz hadisələrin mahiyyətini həddən artıq mürəkkəbləşdirməyə meylliyik. Məsələn, niyə bu mikrofon mavi, digəri qırmızıdır, niyə sarı deyil də qara rəngdədir və bundan sonra buna əsaslanaraq geosiyasi nəticələr çıxarılır”, – deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla birbaşa əlaqəli hər hansı hadisə baş verdikdə, ölkə rəsmi mövqeyini ifadə etməlidir. Əgər həmin mövqe müsbətdirsə, bu, açıq və şəffaf şəkildə bəyan olunmalıdır.

Baş nazir çıxışı zamanı Ermənistanın dəmir yolu nəqliyyatına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması məsələsinə də toxunub. O, gələcəkdə Ermənistanın da Azərbaycana mal ixrac edə biləcəyinə ümid etdiyini bildirib:

“Bundan əlavə, Azərbaycan neft məhsullarının satışına hazır olduğunu bəyan edib. Neft məhsulları ilə yüklənmiş qatar artıq gəlib və həmin mallar bazarda mövcuddur”, – deyə o, qeyd edib.

Xatırladaq ki, Nikol Paşinyan bir müddət əvvəl Sankt-Peterburqda keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərək, Ermənistana yük axınına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına görə Prezident İlham Əliyevə təşəkkür etmişdi.


Bənzər xəbərlər