media-inshot_20260205_151444751

Dünən Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüş yaddaqalan hadisələrlə yekunlaşıb. Belə ki, görüşdə əsas məqamlardan biri hər iki liderin Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə 8 avqust 2025-ci ildə tərəflər arasında əldə olunan Üçtərəfli Sülh Bəyannaməsinin icrası istiqamətində əldə edilən irəliləyişləri alqışlaması olub. Tərəflər hər iki cəmiyyətin sülhün faydalarını real həyatda hiss etdiklərini qeyd ediblər.

Bu gün isə artıq təkcə siyasi sahədə deyil, Ermənistanla iqtisadi istiqamətlər üzrə də mübadilələrin aparıldığı müşahidə olunur.

Hər iki ölkə arasında baş tutan çox cəhətli təmaslar fonunda Ermənistanda seçkiöncəsi hər iki tərəf arasında sülh sazişi əldə oluna bilərmi?

Bununla bağlı Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bakı-Xəbər” qəzetinin baş redaktoru, jurnalist, politoloq və siyasətçi Aydın Quliyev öz fikirlərini Patrul.az-a bölüşüb.

Onun fikrincə, Ermənistanda seçkiləröncəsi Azərbaycanla sülh sazişinin əldə olunması real görünmür. Çünki Ermənistan tərəfindən qəbul edilən, amma hələ icra olunmayan şərtlər mövcuddur:

“Azərbaycan tərəfindən sazişin imzalanması hər zaman arzuolunandır. Ölkəmizin iradəsinə qalsa, hətta seçkidənöncə də Ermənistanla saziş imzalamaq olar. Amma təəssüf ki, Ermənistanın bəzi yanaşmaları seçkiləröncəsi sazişin əldə olunmasını mümkünsüz edir. Əgər Ermənistan konstitusiyanın dəyişdirilməsinə seçkidən sonra getmək mövqeyində israr edərsə, bəli, bu zaman seçkidən əvvəl sazişin imzalanması mümkün olmayacaq. Buna görə də sazişin seçkidən əvvəl və yaxud da sonra imzalanması konkret olaraq Paşinyanın siyasi iradəsindən asılıdır. Ancaq Azərbaycanla sülh sazişi imzalana qədər bu prosesi müxtəlif raund və platformalarda aparmaq həm də Ermənistanın marağındadır.

Xüsusən də Ərəb ölkələri platformasında bu danışıqları aparamaq Paşinyanın siyasi mənafelərinə çox cavab verir. Baxmayaraq ki, Azərbaycan üçün bunun çox da önəmi yoxdur. Çünki Ermənistanla həll olunacaq bir problem qalmayıb. Sülh sazişinin mətni paraflanıb. Azərbaycanın şərtləri prinsipcə İrəvan tərəfindən qəbul edilib. Hələ icra olunmasa da, Ermənistan Azərbaycanın şərtlərini qəbul edib. Belə şəraitdə saziş imzalanana qədər Bakının İrəvanla silsilə görüşlərinə də prinsipcə ehtiyac da yoxdur. Qeyd etdiyim kimi, bu görüşlər daha çox Ermənistana lazımdır. Ona görə də Azərbaycan məhz sülh prosesinin ahəngdən düşməməsi xatirinə İrəvanla görüşlərə razılıq verir. O cümlədən Birləşmiş Ərəb Əmirliklərində son görüşə də bu prinsipdən yanaşmaq lazımdır”.media-aydin-quliyev-1

Politoloqun sözlərinə görə, Ermənistanın Azərbaycandan asılı olmasının səbəbi ondadır ki, Baş nazir Nikol Paşinyan məhz Prezident İlham Əliyevin İslam ölkələrindəki nüfuzuna əsaslanaraq öz mövqeyini gücləndirməyə çalışır:

“Paşinyan xüsusilə də Ərəb ölkələrində Azərbaycanla danışıqlara ona görə meyillidir ki, məhz ölkəmizin bu dövlətlərdə nüfuzunu nəzərə alaraq, Ərəb ölkələri ilə özünün münasibətlərini daha da tənzimləsin və inkişaf üçün fundamentlər atmağa çalışsın. Paşinyan yaxşı bilir ki, Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər ilə Prezident İlham Əliyevin yaxşı münasibətləri var. Nəticədə bu platformalarda Paşinyan Prezident İlham Əliyevlə yaxın təmaslar üzərindən həmin ölkələrlə münasibətləri daha da istiləndirmək taktikası ilə hərəkət edir. Bu Azərbaycanın nüfuzunun üzərində Ermənistanın Ərəb ölkələrinə özü üçün manevr imkanları açması bizim ziyanımıza deyil. Qoy İrəvan anlasın və ölkəmizə nəinki bu bölgədə, hətta Yaxın Şərq, Ərəb və İslam dünyasında da ehtiyacı olduğunu başa düşsün. Ermənistan bu gün regionda Azərbaycanın yaratdığı imkanlar əsasında blokada vəziyyətindən çıxırsa, başqa müstəvilərdə yenə də Azərbaycanın hesabına özü üçün yaxşı manevr imkanı açır. O cümlədən də Ərəb, İslam dünyasında Paşinyanın bundan sonrakı hərəkətləri daha çox Azərbaycanın onlara aça biləcəyi imkanlardan asılıdır. Təki elə həmişə Ermənistan bizdən asılı olsun”.

Qeyd edək ki, Ermənistanda növbəti parlament (Milli Assambleya) seçkiləri 2026-cı ilin iyun ayında keçiriləcək.

Gülbəni Səfərova


Bənzər xəbərlər