media-pasinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan son çıxışlarından birində “ətrafımızda 135 milyon türk var, reallıqla barışmaq lazımdır” fikrini səsləndirməklə regiondakı geosiyasi reallıqlara diqqət çəkməyə çalışıb. Bu bəyanat həm Ermənistan cəmiyyətinə verilən siyasi mesaj, həm də seçkiqabağı dövrdə ictimai rəyi formalaşdırmağa hesablanmış çıxış kimi qiymətləndirilir. 

Bu baxımdan, Paşinyanın bu çıxışı Ermənistanın daxili siyasəti, regional münasibətlər və seçki strategiyası baxımından necə qiymətləndirilə bilər? Bu cür mesajlar Ermənistan cəmiyyətində və region ölkələrində hansı siyasi təsirləri yarada bilər?

Bu mövzu ilə bağlı İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri, politoloq Ramiz Alıyev Patrul.az-ın suallarını cavablandırıb.

Onun sözlərinə görə, Paşinyan bu açıqlaması ilə Ermənistan cəmiyyətinə regiondakı geosiyasi reallıqların dəyişdiyini, davamlı qarşıdurma və revanşist siyasətin isə ölkəni daha çox təcrid və zəifləməyə apardığını mesaj verir:

“Erənistanın Baş naziri Nikol Paşinyanın seçkiqabağı çıxışında səsləndirdiyi “ətrafımızda 135 milyon türk var, reallıqla barışın” fikri həm daxili auditoriyaya, həm də regional aktorlara hesablanmış çoxqatlı siyasi mesaj kimi qiymətləndirilə bilər. Bu bəyanat ilk növbədə Ermənistan cəmiyyətində uzun illər formalaşdırılmış maksimalist və revanşist düşüncənin artıq regional reallıqlarla uzlaşmadığını göstərmək məqsədi daşıyır.

Paşinyan faktiki olaraq Ermənistan ictimaiyyətinə mesaj verir ki, ölkənin təhlükəsizliyi və gələcəyi davamlı qarşıdurma siyasəti ilə deyil, regionda mövcud geosiyasi reallıqları qəbul etməklə mümkündür. Burada “135 milyon türk” ifadəsi Azərbaycan və Türkiyənin ümumi demoqrafik, siyasi və iqtisadi gücünə işarədir. Ermənistan rəhbərliyi anlayır ki, uzunmüddətli izolasiya, sərhədlərin bağlı qalması və regional layihələrdən kənarda qalmaq ölkənin iqtisadi və siyasi dayanıqlığını zəiflədir”.

media-inshot_20260515_141658202

R. Alıyev qeyd edir ki, Paşinyanın çıxışı Ermənistanın daxili və regional siyasətdə kompromis və normallaşma xəttinə yönəldiyini göstərən mesaj kimi dəyərləndirilə bilər:

“Daxili siyasət baxımından bu çıxış Paşinyanın öz elektoratını mümkün kompromislərə hazırlamaq cəhdi kimi də dəyərləndirilə bilər. Ermənistan daxilində revanşist qüvvələr, xüsusilə keçmiş hakimiyyətə bağlı siyasi dairələr hələ də regionda köhnə yanaşmaların davam etdirilməsini müdafiə edir. Paşinyan isə seçkiöncəsi ritorikasında daha realist xətt nümayiş etdirərək cəmiyyətə bildirir ki, Ermənistanın alternativsiz yolu qonşularla münasibətlərin normallaşdırılmasından keçir. Bu bəyanat həm də regional münasibətlər kontekstində mühüm siqnal hesab oluna bilər. Son illər Azərbaycan tərəfindən irəli sürülən sülh gündəliyi, kommunikasiyaların açılması və əməkdaşlıq platformaları regionda yeni siyasi atmosfer formalaşdırıb. Paşinyanın açıqlaması müəyyən mənada Ermənistanın da bu reallığı qəbul etməyə məcbur olduğunu göstərir. Xüsusilə Türkiyə ilə münasibətlərin normallaşdırılması və Azərbaycanla sülh sazişi istiqamətində aparılan danışıqlar fonunda bu cür çıxışlar beynəlxalq ictimaiyyətə də ünvanlanmış mesaj xarakteri daşıyır”.

Politoloqun sözlərinə görə, Paşinyanın çıxışı Ermənistanın daxili ziddiyyətləri fonunda regional reallıqları qəbul edən və yeni geosiyasi şəraitə uyğunlaşma mesajı kimi dəyərləndirilə bilər:

“Seçki strategiyası baxımından isə Paşinyan çalışır ki, özünü emosional və radikal şüarlardan uzaq, praqmatik və dövlət maraqlarını önə çəkən lider kimi təqdim etsin. O anlayır ki, Ermənistan cəmiyyətinin müəyyən hissəsi artıq davamlı gərginlikdən yorulub və sosial-iqtisadi problemlərin həllini prioritet hesab edir. Buna görə də Paşinyan regional əməkdaşlıq və realist siyasət xəttini seçki platformasının əsas elementlərindən birinə çevirməyə çalışır. Bununla yanaşı, Paşinyanın bu tip bəyanatları Ermənistan daxilində ciddi müzakirələr və etirazlar da doğura bilər. Çünki radikal millətçi dairələr belə çıxışları “təslimçilik” kimi təqdim etməyə çalışırlar. Bu isə göstərir ki, Ermənistan cəmiyyətində geosiyasi seçimlər və regional münasibətlər məsələsində dərin fikir ayrılığı hələ də qalmaqdadır. Hesab edirəm ki, Nikol Paşinyanın səsləndirdiyi fikir regionda formalaşmış yeni güc balansının və siyasi reallıqların etirafı kimi qiymətləndirilə bilər. Bu çıxış həm Ermənistanın daxili siyasi transformasiyasını, həm də Cənubi Qafqazda postmünaqişə dövrünün yaratdığı yeni geosiyasi şəraiti əks etdirən mühüm siyasi mesajdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər